Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası və digər şüarlarla neçə gündür ki, İrəvan küçələrində yürüşlər, itaətsizlik aksiyaları keçirir. Etirazçılar yolları bağlayıb nəqliyyatın hərəkətini iflic edirlər.
Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır. Bazar ertəsi 250-yə yaxın etirazçı saxlanılb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəza tədbiri tətbiq edilib.
Ermənistandakı müxalif qüvvələrin məhz indiki anda fəallaşması maraqlı görünür. Bu proseslər Paşinyanın istefası ilə nəticələnə bilərmi?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən son hadisələr, sözsüz ki, təsadüfi deyil: “Revanşist və separatçı meylli radikal qruplaşmanın kütləvi etirazları sülh danışıqları prosesini ləngitmək, hazırki hakimiyyətə, belə demək mümkünsə, təzyiq etmək məqsədi daşıyır. Bunlar həmin qüvvələrdir ki, uzun illər erməni cəmiyyətində Azərbaycana qarşı düşmənçilik ruhu formalaşdırıb, erməni xalqını uçuruma sürükləyib. Əlləri Azərbaycan xalqının qanına bulaşmış terrorçu Köçəryan, Sarkisyan kimi Xocalı qatillərinin idarə etdiyi bu təxribatçı qüvvələr ciddi cəhdlə çalışırlar ki, bölgədə sabitlik pozulsun, sülh danışıqlarına başlanılması yubansın. Ermənistanda baş verən son hadisələr regionda sülhə və təhlükəsizliyə birbaşa olaraq təhdiddir. Bu da, əlbəttə ki, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi zamanı işğalçı Ermənistana tarixi dərs verdi, işğalçı ordu darmadağın edildi. Görünür, dəmir yumruğun təsirindən ayılmağa çalışan bəzi qüvvələr yenidən baş qaldırmağa cəhd edir və vəziyyəti gərginləşdirmək istəyirlər. Amma bütün bunların heç bir mənası yoxdur. Azərbaycan dövləti sülhə də, müharibəyə də hər zaman hazırdır. Hazırki məqamda Ermənistan ona verilən son şanslardan istifadə edib özünü xilas etməlidr. Əks halda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəhrəman ordusu lazım olan məqamda öz sözünü deyəcək. Düşünürəm ki, Ermıənistan hakimiyyəti ölkədə baş verən kütləvi iğtişaşları ən sərt formada yatırmalı, separatçı və revanşist qüvvələri ciddi cəzalandırmalıdır. Çünki bir qrup başıpozuq dəstənin bu əməlləri onsuz da tənəzzüldə olan Ermənistanı tamamilə məhv edə bilər”.
Məhəmmədəli QƏRİBLİ