Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünü şərh edərkən sərhədlərin yenidən redemarkasiya olunmasına eyham vurdu: “Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı?”.
Çavuşoğlunun məlum açıqlaması Ermənistanda necə deyərlər, vəlvələyə səbəb olub. Hakim “Mülki müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan Ermənistan Türkiyə ilə sərhədin yenidən redemarkasiyası məsələsini qəti şəkildə rədd edib. Onun sözlərinə görə, belə bir eyham Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıqlar zamanı vurulub, lakin erməni tərəfi bunu qəti şəkildə rədd edib: “Ermənistan-Türkiyə sərhədinin yenidən demarkasiyası ilə bağlı heç bir müzakirə və ya razılaşma yoxdur. Gündəlikdə belə bir məsələ yoxdur”.
Belə məlum olur ki, Türkiyə Ermənistanla sərhədlərin yenidən redemarkasiya olunmasında maraqlıdır. Baxmayaraq ki, 1921-ci ilin Qars müqaviləsinə əsasən sərhədlər müəyyənləşib. Ancaq bəzi alimlərin dediyinə görə, Ermənistan Qars müqaviləsində nəzərdə tutulan sərhədlərdən Türkiyə tərəfə xeyli irəliləyib. Bu minvalla müəyyən əraziləri zəpt ediblər. Bununla faktiki olaraq Ermənistan Qars müqaviləsində nəzərdə tutulan məqamları pozub. Bax buna görə Türkiyə tərəfi sərhədlərin yenidən redemarkasiya olunması barədə danışır. Məlumatlara görə, Ermənistan Türkiyə ilə sərhədləri 1921-ci il Qars müqaviləsi ilə nəzərdə tutulan bəzi yerlərini kobud şəkildə pozub. Söhbət məhz həmin ərazilərin dəqiqləşdirilməsindən gedir.
“Ermənilər Qars müqaviləsini pozmaq üçün dəfələrlə cəhd göstərdilər”
Məsələyə münasibət bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin fikrincə, Ermənistanın Qars müqaviləsindən kənara çıxması barədə deyilənlər həqiqəti əks etdirir: “Qərbi Azərbaycab ərazilərində 1918-ci ildə Ermənistan dövləti yaranandan bəri, onların Türkiyə və Azərbaycana yönəlik ərazi idiaları bitib-tükənmir. Rusiya Göyçə və Zəngəzuru Ermənistana versə də, Qarabağda ermənilərə muxtariyyət verilsə də onlar bununla kifayətlənmədilər. Addım-addım müxtəlif yerlərdə sərhədləri irəli çəkdilər. 1921-ci ildə Türkiyə və Rusiya arasında Qars müqaviləsi imzalansa da Ermənistan bunu tanımadı. Türkiyəyə yönəlik ərazi iddiaları ilə çıxış etdi. Ermənilər Qars müqaviləsini pozmaq üçün dəfələrlə cəhd göstərdilər. Rusiyanın himayədarlığından, o zaman yeni qurulmaqda olan Türkiyənin zəifliyindən istifadə edərək sərhəddi bir neçə yerdə qanunsuz olaraq irəli çəkdilər. Nəzərə almaq lazımdır ki, Stalin dönəmində SSRİ-nin Türkiyəyə yönəlik ərazi iddiaları var idi. Stalin ölən ərafədə Türkiyə NATO-ya üzv oldu. Ondan sonra SSRİ və Qərb arasında olan soyuq müharibə səbəbindən Ermənistanın sərhədləri bəzi yerlərdə pozmasını gündəmə gətirmək mümkün olmadı. 90-cı illərdə Ermənistanın Azərbaycana təcavüzü və Türkiyə ilə diplomatik münasibətlərin kəsilməsi yenə bu məsələni arxa plana atdı. İndi yenidən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gündəmdə olduğu üçün, sərhədlərin redemarkasiyası aktuallaşıb. Ermənistanın sərhəddi qanunsuz irəli çəkməsi ilə bağlı faktlar olduğu üçün, İrəvan bunları müzakirə etməkdən yayınır. Ermənilər adət edib ki, özlərinə sərf edəni qabartsınlar, sərf etməyəni görməzdən gəlsinlər”.
Professor onu da əlavə etdi ki, Türkiyə bu məsələnin üzərinə gedəcək.
Vidadi ORDAHALLI