Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursu ermənilərin özünü də şoka salıb. Ermənistan cəmiyyətinin ən tanınımış analitikləri, politoloqları bir faktı açıq etiraf edirlər ki, məhz İlham Əliyevin yürütdüyü çevik və uğurlu xarici siyasət kursu onları pis vəziyyətə salıb.
Onların qənaəti budur ki, məhz bunun nəticəsidir ki, hətta dünyanın fərqli ölkələrini təmsil edən diplomatlar Azərbaycan hıqiqətləri prizmasından çıxış edirlər. Hesab edirlər, artıq Qarabağdakı ermənilərə statusun verilməsi məsələsi tam olaraq arxa plana keçib. Erməni analitikləri hesab edirlər ki, İlham Əliyev dayanmır, Ermənistanı da tələsdirir. Ən maraqlısı budur ki, erməni ictimai rəyi Azərbaycanın gücünü, İlham Əliyevin qətiyyətini etiraf etsə də, nədənsə, Azərbaycanın haqlı mövqedə olduğunu etiraf etmir. Bu ziddiyyətli yanaşmanı necə anlamaq olar?
Ana Vətən Partiyasını sədr müavini Arzuman Abdulkərimov “ Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarazlı və düşünülmüş siyasət yürüdərək öz mənafelərini təmin edir: “Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət son dərəcə düşünülmüş, ardıcıl, tarazlı, hətta deyərdim müstəsna istedadla həyata keçirilir. Azərbaycan Prezidentinin diplomatiyada göstərdiyi yüksək çevikliyin kökündə bir sıra amillər durur. Bura Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsili və sonrakı idarəetməsi dönəmində bu praktikanın daha da təkmilləşdiyini aid edə bilərik. Azərbaycan diplomatiyası son dərəcə tarazlı siyasət yürüdür. Azərbaycan həm Qərblə, həm də Rusiya ilə gözəl münasibət saxlamağı bacarır. Bakının, Rusiya ilə NATO Baş Qərargah rəislərinin görüşü də daxil olmaqla, bir çox mühüm görüşlər üçün məkan seçilməsi də bitərəfliyin və müsbət mövqenin daha bir ifadəsidir. Məsələn, Rusiya və Türkiyə ilə yaxın münasibətlərə malik olan Azərbaycan və şəxsən Prezident İlham Əliyev Moskva ilə Ankara arasında məlum böhrandan sonra münasibətlərin bərpasına töhfə verib. Azərbaycan həm də müasir dövrün üzə çıxan problemlərini müzakirə etmək baxımından həm təşəbbüskar, həm də yer sahibidir. Burada əsas yer tutan Bakı Beynəlxalq Humanitar Forumunda sülh və əminamanlıq üçün müstəsna əhəmiyyət daşıyan multikulturalizm ideyaları hərtərəfli irəli aparılır.
Bu siyasət istər yaxın ölkələrlə mehriban qonşuluq münasibətləri inkişaf etdirməyə, istərsə də bütün dünyada ölkənin mövqelərini gücləndirməyə yönəlib. Azərbaycan ordusunun məhz İlham Əliyev diqqəti sayəsində bu qədər güclənə bilib. Prezident İlham Əliyev bir strateq kimi regionda təhlükəsizliyin təmin olunmasını istəyir. Həm də son illər məhz sabitsizlikdən cana doymuş Qarabağ ermənilərinin Bakı ilə isti münasibət qurması üçün məqsədyönlü addımlar atılır, böyük səylər göstərilir. Qarabağ ermənilərinin, müharibə iştirakçılarının vaxtilə azərbaycanlılarla yaxşı dolandıqları barədə fikirlərinin mətbuatda mütəmadi dərc olunmağa başlaması da təsadüfi deyil. İlham Əliyevin belə sərbəst, çevik diplomatik davranışlarını şərtləndirən başlıca amillərdən biri xalqdan aldığı dəstək və arxasında güclü ordunun mövcudluğudur. Yaxşı olar ki, ermənilər bundan cidi nəticə çıxarıb düz yola gəlsinlər. Bilməlidirlər ki, diplomatik danışıqlar nəticəsiz qalarsa, Prezident İlham Əliyev həm də sərt addımlar atmağı bacaran liderdir.
Bir faktı da bilməlidirlər ki, İlham Əliyevin bütün gedişləri ölkəmizin haqlı mövqeyini ifadə etməyə yönəlib”.
Məhəmmədəli QƏRİBLİ