Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - rəsmi Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də Vyanada növbəti dəfə bir araya gəliblər.
Erməni mediasının yaydığı məlumata görə, xüsusi nümayəndələr bu proses vasitəsilə ölkələri arasında münasibətlərin tam həllinə nail olmaq məqsədini bir daha təsdiqləyiblər. Bununla bağlı vicdanlı və səmərəli fikir mübadiləsi aparılıb, nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün bu istiqamətdə atılması mümkün addımlar müzakirə edilib. Tərəflər ilkin şərt olmadan prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər.
Görünən odur ki, Vyanada tərəflər arasında keçirilən növbəti görüşdə də praktiki nəticə əldə olunmayıb. Çünki söz yığınından ibarət verilən ümumi açıqlama açıq şəkildə bunu göstərir. Belə qənaətə gəlmək olar ki, 3 aylıq uzun fasilədən sonra üçüncü görüş də (birinci görüş yanvarda, ikincisi fevralda keçirilib) qeyri-müəyyən nəticə ilə yekunlaşıb.
Bütün bunların fonunda Ermənistanı Türkiyə ilə normallaşma prosesinə hazır saymaq olarmı? Hiss olunmurmu ki, Ermənistana da bu işdə maneçelik törədən amillər var? Danışıqlarda “vicdanlı və səmərəli fikir mübadiləsi aparılıb” açıqlaması nə deməkdir?
“O üzdən, “vicdanlı və səmərəli fikir mübadiləsi aparılıb” açıqlaması sadəcə bir imitasiyadır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, tam əminliklə demək olar ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır deyil: “Bütün dünya Ermənistana məsləhət görür ki, Türkiyə ilə münasibətləri yaxşılaşdır. İçlərində az sayda ağıllı adam bəyan edir ki, Ermənistanın normal inkişafı Türkiyə ilə münasibətləri yoluna qoymaqdan keçir. Ancaq problem ondadır ki, Ermənistan hakimiyyəti, erməni lobbisi və cəmiyyəti xəstədir. Bunlar o qədər xəstələnib ki, Türkiyə ilə əməkdaşlığa, münasibət qurmağa hazır deyillər. Bunlarda hələ də revanşist əhval-ruhiyə qalıb. Baxmayaraq ki, Türkiyə ilə qarşı-qarşıya gəlmək bunların sonu olacaq. İndinin özündə də qondarma “erməni soyqırımı” adı altında bütün dünyaya özlərini zavallı bir millət kimi göstərirlər. Bu minvalla diləniblər, özlərinə dəstək axtarıblar və s. Belə bir düşüncəyə sahib olan toplum Türkiyə ilə münasibətləri qurmaq istəməz. Xüsusən də xaricdəki erməni diasporu bu məsələlərə daha çox maneçilik törədir. Digər xarici amillərin də bunda rolu var. Bəzi dövlətlər öz geosiyasi maraqlarından ötrü Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını istəmir. Sözügedən amil də prosesə bu və ya digər formada mane olur. Bütün bunlar olmasaydı, o zaman indiyə qədər keçirilən görüşlərdə praktiki nəticə əldə olunardı. O üzdən “vicdanlı və səmərəli fikir mübadiləsi aparılıb” açıqlaması sadəcə bir imitasiyadır. Saxta görüntü yaradılır ki, müsbət nələrəsə ümid var. Erməni cəmiyyəti Türkiyə ilə münasibətləri qurmağa hazır deyil. Bu baxımdan kimsə özünü aldatmasın”.
Partiya sədri hesab edir ki, növbəti görüşlərdə də praktiki irəliləyişin olacağı real görünmür.
Vidadi ORDAHALLI