“Bütün məsələlərdə bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdır, kömək göstərməlidirlər. Bu bizim borcumuzdur”. Bunu Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.
Ölkə başçısı qeyd edib ki, bizim əsas borcumuz erməniləri torpaqlarımızdan qovmaq idi və buna nail olduq. İndi isə şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var: “Nəinki dövlət qurumları, istənilən insan çalışır ki, şəhid ailəsinə hansısa bir kömək göstərsin. Bizim qazilərimiz də çox olub. On mindən çox yaralı əsgər-zabitimiz olub. Onların da sağalması prosesi gedir. Onlar üçün artıq son model olan iki yüz protez təşkil edilib və onlar normal həyata qayıdıblar. Dövlət öz üzərinə nə düşürsə etməlidir və edəcək”.
Prezident yenidən məmurlara xəbərdarlıq etdi ki, şəhid ailələrini diqqət mərkəzində saxlamalıdırlar.
“...Nəticə çıxarmalı olan adamlar son dəfə şanslarından istifadə etməlidirlər”
Məmurların, səlahiyyətli şəxslərin şəhid ailələrinə dəstəyini, münasibətini qənaətbəxş saymaq olarmı? Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda hər şeydən əvvəl vətəndaşların şəhid ailələrinə münasibəti yüksək səviyyədədir. “Şəxsən cənab Prezidentin özünün, Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısı çox yüksək səviyyədədir, örnək olacaq səviyyədədir. Prezident dəfələrlə bildirib ki, şəhid ailələrinə xüsusi diqqət-qayğı göstərilməlidir, bu hər bir məmurun borcudur. Təbii ki, cənab Prezidentin bu fikrinə zidd hərəkət eədn məmurlar var. Bəzi yerlərdə şəhid ailələrinə çox yüksək səviyyədə diqqət göstərilir, bəzi yerlərdə isə başdansovdu, alayarımıçıq, başdanetmə şəkilində göstərilir. Hesab edirəm ki, növbəti çağırışdan sonra o məmurlar özlərində güc tapmalıdırlar və ya məmur olaraq qarşılarına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirməlidirlər, ya da çəkilib getməlidir, o işlə məşğul olan adamlar gəlib vəzifədə oturmalıdır”.
A.Həsrət qeyd etdi ki, şəhid olan insanlar bizim yaşamağımız, sağ qalmağımız, ayaqda qalmağımız üçün canlarını fəda ediblər: “Təbii ki, şəhidin kimliyini dərk etməyən şəxslərə vəzifə vermək olmaz. Bu baxımdan ölkə başçısı növbəti dəfə bu məsələni xüsusi vurğulamaqla şəhid ailələri qarşısında vəzifəsini dərk etməyən məmurlara xəbərdarlıq etdi. Sözsüz ki, nəticə çıxarmalı olan adamlar son dəfə şanslarından istifadə etməlidirlər. Nəticə çıxarmayacaqları təqdirdə cənab Prezidentin onları cəzalandırması çox da uzaqda deyil”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA