Fələstin rəhbərliyi keçən həftə rədd edilmiş "Müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan layihəni" Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yenidən təqdim etməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, Fələstin rəhbərliyinin sözçüsü Nəbil Əbu Rudeyne layihə üzərində yenidən çalışdıqlarını bildirib.
Əbu Rudeyne layihənin yenidən BMT TŞ-yə təqdim edilməsinin səbəbini açıqlamayıb. Ancaq BMT TŞ müvəqqəti üzvlərindən 5-nin dəyişməsi və bunlardan 4-nün Fələstin mövzusunda müsbət fikirdə olmasının Fələstin rəhbərliyini hərəkətə gətirdiyi bildirilir.
BMT TŞ-də keçən həftə səsvermədə layihənin əleyhinə səs verən Avstraliya, bitərəf qalan Cənubi Koreya və Ruanda ilə, layihəni dəstəkləyən Lüksemburq və Argentinanın səlahiyyət müddəti 31 dekabr 2014-cü ildə sona çatıb. Bu ölkələri Anqola, Yeni Zelandiya, İspaniya, Malayziya və Venesuela əvəzləyib. Bu 5 yeni ölkədən Yeni Zelandiya xaricində digər ölkələrin Fələstin məsələsində müsbət mövqedə dayandığı bildirilir.
İndi BMT-dəki yeni üzvlər sayəsində səsvermədə tarazlıq dəyişə bilər.