ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Rakka şəhərində girovları xilas etmək üçün xüsusi əməliyyat keçirməyə cəhd etdiyi iddia edilir.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq koalisiyaya bağlı döyüş təyyarələri əməliyyatlar başlayandan bu yana ilk dəfə Rakka şəhərində sıx uçuşlar reallaşdırmağa başlayıb.
Döyüş təyyarələri və kəşfiyyat helikopterlərinin eyni vaxtda Rakka səmalarında görüldüyü vurğulanan məlumatlarda, IŞİD hədəflərinə 13 hava zərbəsi endirildiyi bildirilir.
Məlumata görə, şəhərin ətrafına havadan əsgər endirməyə cəhd edilib və bölgədə beynəlxalq koalisiyaya bağlı birliklərlə İŞİD yaraqlıları arasında qarşıdurma yaranıb.
Girovlarla bağlı isə detallı məlumatlar verilmir, ancaq sözügedən əməliyyatın İŞİD-in əlindəki girovları xilas etmək üçün keçirildiyi qeyd edilir.
Bundan başqa, beynəlxalq koalisiyaya aid iki vertolyotun şəhərin Es-Sakiyye prospektinə enməyə cəhd etdiyi bildirilir. Ancaq İŞİD yaraqlıları atəş açaraq buna imkan verməyib və vertolyotlar bölgədən uzaqlaşmaq məcburiyyatində qalıb.
Beynəlxalq koalisiya qüvvələrinin keçən il iyul ayında da amerikalı və ingilis girovları qurtarmaq məqsədilə buna bənzər bir əməliyyata cəhd etmişdi, ancaq əməliyyat girovların yerlərinin İŞİD tərəfindən dəyişdirildiyinə görə, müvəffəqiyyətsizliklə nəticələnmişdi.