Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağda müvəqqəti fəaliyyət göstərən sülhməramlıların 12 aprel tarixli günlük bülletenini yayıb və burada yenə də Azərbaycana qarşı qərəzə yol verilib. Rusiya MN-in yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Fərrux istiqamətində “atəşkəsi pozub”, nəticədə isə bir separatçı yaralanıb.
Bülletendə “Dağlıq Qarabağın özünümüdafiə ordusunun əsgəri yaralanıb”- deyilir. Bu da Rusiya MN-ın Azərbaycana qarşı növbəti təxribatı, separatçılara dəstəyinin növbəti nümunəsdir. Bu azmış kimi, bülletendə yenə təxribata yol verilərək “Furux” və “Dağlıq Qarabağ” ifadələri işlədilib.
“Azərbaycan Silahlı Qüvvələri o tərəfə atəş açmır”
Hərbi ekspert Tərlan Eyvazov bizimlə söhbətində bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla bağlı təxribatlara yol verməsi ilk hadisə deyil, bu, dəfələrlə təkrar olunub. “Rusiyanın Azərbaycana qarşı təxribatı sülhməramlılar buradan çıxıb gedənə qədər davam edəcək. Burada qeyri-adi bir şey yoxdur. Rusiyanın təxribatı Putinin beli qırılana, o ölkədə normal hakimiyyət qurulana qədər davam edəcək. Yəni onlar başqa cür bacarmırlar. Bunun da bariz nümunəsini Ukrayna hadisələrində gördük. Rusiya Müdafiə Nazirliyi hər zaman Azərbaycan Silahlı Qüvvələri ilə bağlı bu cür təxribatçı məlumatlar yayır. Digər tərəfdən də, əgər Azərbaycan tərəfi kimisə cəzalandırırsa, bu əsassız olmur. Erməni separatçılarının təxribatlarının qarşısı Rusiya sülhməramlıları tərəfindən alınmalıdır, amma biz bunu müşahidə etmirik”.
T.Eyvazovun sözlərinə görə, hazırda Qarabağda yaşayan mülki əhalinin də təhlükəsizliyinin, həmçinin bundan sonra ora köçürüləcək keçmiş məcburi köçkün olan azərbaycanlıların həyatının qorunması üçün mütləq bağlanmış üçtərəfli bəyanatın məlum müddəası həyata keçirilməlidir. “Qarabağdakı yaraqlılar, qanunsuz silahlı dəstələr oradan çıxıb getməlidir, separatçılar silahsızlaşdırılmalıdır, tərksilah olunmalıdır. Bunu da Rusiya tərəfi etmir. Ona görə etmir ki, daim kəskin qraşıdurmalar olsun və rus ordusunun orada qalmasına zəmin yaransın. Amma əvvəllər biz çox dözürdük. İndi isə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən belə bir tapşırıq var ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı kim atəş açıbsa atəş açan dərhal susdurulmalıdır. Bu baş veribsə, demək yerində baş verib. Çünki Azərbaycan Silahlı Qüvvələri o tərəfə atəş açmır, ancaq öz mövqelərini qoruyur, təhlükəsizliyə qarantdır. Bunu edənlər orada olan təxminən 3-5 min qanunsuz silahlı birləşmələrin üzvləridir. Separatçılar da orada özlərinin “gərəkliliyini” sübut etmək üçün Rusiya sülhməramlılarının dəstəyini alaraq hərdən belə provokasiyalara gedirlər. Rusiya sülhməramlıları Qarabağdakı qeyri-qanuni silahlı dəstələrə şərait yaradır”- deyə T.Eyvazov vurğuladı.
Bülletendə “Furux” və “Dağlıq Qarabağ” ifadələrinin işlədilməsinə gəlincə, hərbi ekspert bildirdi ki, bu da təxribatdan başqa bir şey deyil, hər kəs “Dağlıq Qarabağ” deyilən bir qurumun olmadığını, o yüksəkliyin adının isə Fərrux olduğunu bilir.
İradə SARIYEVA