“Yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik”. Bunu Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı bildirib: "İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq...”
Prezidentin bu bəyanatı təxminən hansı ölkələrə ünvanlanmış mesaj sayıla bilər?
“...Cənab Prezident hər ehtimala qarşı bu xəbərdarlığı edir və Rusiyanın müəyyən dairələrinə çatdırır ki...”
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidenti burada Rusiyanı nəzərdə tutur: “Azərbaycan Prezidentinin bu bəyanatı birbaşa Rusiyaya ünvanlanıb. Məlumdur ki, hərbi əməliyyatlar ərəfəsində, yəni 2020-ci ilə qədərki dövrdə Rusiya Ermənistana iki dəfə kredit ayırıb. Bir dəfə 100 milyon, bir dəfə də 200 milyon dollar həcmində. Cəmi 300 milyon dollar həcmində olan bu kreditlər silah alınması üçün illik 3 faizlə ayrılmışdı. Ancaq Vətən müharibəsi dövründə Ermənistanın hardasa 5 milyard dollara yaxın hərbi texnikasl sıradan çıxarılıb. Bu qədər texnika nəyin hesabına alınmışdı? Təbii ki, bunlar hamısı Rusiya silahları idi. Əgər cəmi 300 milyon dollar ayrılıbsa 5 milyardlıq texnika hardandı?”
A.Səmədov vurğuladı ki, onların içində hətta "İsgəndər M" də var idi. Ekspertin sözlərinə görə, aydındır ki, qeyri-rəsmi yollarla, elan olunmadan o silahları Rusiya verib: “Düzdü, sonradan məlum oldu ki, onların çoxu silahdan daha çox metallomdur. Biz onların bir hissəsini gətirib Hərbi Qənimətlər Parkında yerləşdirdik. Ancaq İkinci Qarabağ müharibələrindən sonra Rusiyada belə bəyanatlar səsləndi ki, onlar Ermənistan ordusunun modernləşməsinə kömək edəcəklər. Düzdür, sonradan bu bəyanatlardan imtina etdilər. Ancaq cənab Prezident hər ehtimala qarşı bu xəbərdarlığı edir və Rusiyanın müəyyən dairələrinə çatdırır ki, belə bir addım atılsa, bu, Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndiriləcək və buna uyğun davranış göstəriləcək. Məncə, Rusiyanın rəhbərliyi bu bəyanatı layiqincə qiymətləndirəcək. Yeri gəlmişkən, Azərbaycanın son xəbərdarlıqlarından Rusiyanın nəticə çıxardığı göz qabağındadır”.
İradə SARIYEVA