Məlum olduğu kimi, Prezident İlham Əliyevin iştirakı ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Prezident müşavirədə çıxışı zamanı bir sıra məsələlərə toxunub. O cümlədən, su anbarları məsələsinə də toxunub: “Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını, məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir”.
İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının və su kanallarının çəkilişinin Azərbaycanın rayonlarının içməli su və suvarma təminatında nə dərəcədə rolu olacaq?
Elçin Bayramlı: “Ətraf rayonlarda indiyə qədər olan suvarma problemləri bu regionun hesabına həll olunacaq”
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində Azərbaycanın ümumi su ehtiyatının 30 faizi cəmləşib. Bu olduqca böyük su resursu deməkdir: “Su ehtiyatından səmərəli istifadə olunduqda, nəinki regionun özü, hətta ətraf iqtisadi rayonların suvarma sistemlərinin içməli su ilə təchizatını tamamilə təmin edə bilər. Məlumdur ki, həmin ərazidə böyük su anbarları var. Onlardan Xudafərin, Qız Qalası, Xaçınçay, Suqovuşan və digər su anbarını misal göstərmək olar. Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə su anbarlarının sayı daha da artacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyd olunan bölgədə yeraltı su mənbələri, çaylar, gur sulu çaylar həddən artıq çoxdur: “Ətraf rayonlarda indiyə qədər olan suvarma problemləri bu regionun hesabına həll olunacaq. Bu da həmin bölgədə aqrar sektorun inkişafı, kənd təsərrüfatında məhsul bolluğuna səbəb olacaq. Prezident İlham Əliyev də aprelin 12-də keçirilən müşavirədə bu məsələnin vacibliyinə xüsusi olaraq toxunub”.
Eldəniz Əmirov: “Suvarma işlərinin reallaşması üçün su elektrik stansiyaları işə salınandan sonra burada əlavə potensiallar yaranacaq”
İqtisadçı ekspert Eldəniz Əmirov qeyd etdi ki, aprelin 12-də keçirilən müşavirədə Prezident İlham Əliyev çoxşaxəli tapşırıqlar verib. Həmin tapşırıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə suvarma sistemlərinin yaradılması, yenidən qurulması və mövcud problemlərin aradan qaldırılmasıdır: “Diqqəti cəlb edən əsas amillərdən biri də Xaçınçayın təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda bu çayın potensialından lazımi şəkildə istifadə olunmasıdır. Bu səbəbdən də Fərrux dağın bizdə olması böyük üstünlükdür. Prezident İlham Əliyev dağ çaylarından səmərəli şəkildə istifadə olunması adiyyatı üzrə öz tapşırıqlarını verdi".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizinə sahibdir. 28 faiz Ermənistan, 62 faiz Gürcüstanın payına düşdüyü halda, 10 faiz Azərbaycanın payına düşür. Respublikamızda olan su ehtiyatının ¾-ü transsərhəd çaylarının payına düşür. Təbii, bu çaylar Araz və Kür çaylarıdır. Araz çayı üzərində olan Xudafərin su anbarının yaradılması və su elektrik stansiyasının işə salınması üçün həmin bölgədə müasir tələblərə cavab verən infrastruktur yaradılmalıdır. Suvarma işlərinin reallaşması üçün su elektrik stansiyalarının işə salınanda burada əlavə potensiallar yaranacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Şuşanın su təminatının yenidən qurulması ilə bağlı göstəriş verildi. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə suvarma işlərinin layihələndirilməsi ilə bağlı tapşırıq verilib.
Günel CƏLİLOVA