Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov «Taliban»ın Beynəlxalq Təhlükəsizlik və Dəstək Qüvvələri (ISAF) bölgədən çıxandan sonra yaz aylarında hökumət qüvvələrinə qarşı hücuma keçəcəyini və Kabili mühasirəyə alacağını bildirir. Kabulova görə, «Taliban»ın şəhəri ələ keçirməsi o qədər də asan olmayacaq.
Baki-xeber.com xəbər verir ki, Əfqanıstanda qış dövründə hava şərtlərinə görə terror hücumlarında qismən azalma olduğunu, ancaq bu dövrdə təşkilatların hazırlıq gördüyünü ifadə edən Kabulov, bildirib ki, «Taliban»ın yeni hücum hazırlıqlarının əlamətləri indidən görünür: «Yazda hücuma keçə bilərlər...».
«Taliban»ın son vaxtlar yalnız ölkənin cənub-şərqində deyil, Kabil ətrafında da güclənməyə başladığını deyən Rusiya rəsmisi, "Onlar əvvəllər şəhəri şərq və cənub-şərq bölgəsindən təhdid edirdi və yollara nəzarət edirdi. İndi şimaldan da təhdid yaranıb" - deyə bildirib.
Kabulov bildirir ki, «Taliban» Kabilin şimalında olan Paşto qəsəbəsində güclü bir mövqe əldə edib: "Bunun mənası odur ki, onlar Kabilə gedən bütün yolları ələ keçirəcəklər. Şəhəri mühasirəyə alacaqlar. Ancaq bu indi olmayacaq. İndi Kabilə ticarət üçün məhsul gətirən xalqın ziyan çəkməsini istəmirlər. Hücum vaxtını təyin etməyə çalışırlar...».
İŞİD yaraqlıları Əfqanıstanda
Kabulov İraq və Suriyada aktiv olan terror təşkilatı IŞİD-in də Əfqanıstanla yaxından maraqlandığına diqqət çəkir: «Burada yeni bir faktor da ortaya çıxır. Bunun böyük bir təhdidə çevrilmə risqi var. Bildiyimiz qədər 100, ya da daha çox İŞİD yaraqlısı Əfqanıstana göndərilib. İŞİD-in təsiri altında silahlı əfqan qrupların taktika dəyişdirməsi ehtimalı var. Mən minlərlə yaraqlının buraya getdiyini demirəm. Ancaq əfqanlar onların ideoloji və bayrağı altında hərəkət edə bilərlər».
«Taliban»ın mövcud hərbi gücü baxımından şəhərdə nəzarəti ələ almasının çətinliyinə toxunan Kabulov bildirir ki, Kabil güclü hərbi birliklər tərəfindən qorunur: «Xarici birliklər də var. Hava dəstəyini də buraya əlavə etdikdə «Taliban»ın şəhəri ələ keçirməsinin çətin olacağı görünür».
Kabulova görə, «Taliban» bu istiqamətdə cəhd edərək mövqeyini gücləndirəcək və tələblərinin iqtidarda yer almasını təmin edəcək.
Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Rusiyanın əfqan hökumətinin radikal qruplarla savaşına dəstək üçün hər hansı bir əsgər göndərmək planının olmadığını deyib: «Biz Əfqanıstana əsgər göndərməyəcəyik. Bu Rusiyanın maraqlarına uyğun deyil... Rusiya niyə əsgər göndərsin? Bölgə xalqı öyrədilməlidir ki, öz vətənlərini müdafiə etsinlər. Bu ən optimal həll variantıdır".