Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bəzi ekspertlər hesab edir ki, ikitərəfli danışıqlar formatı bundan sonra əsas ola bilər. Faktiki olaraq görünən budur ki, Ermənistan tərəfi “Minsk qrupu” məsələsindən əl çəkməsə də, reallıqda yeni formatı qəbul edir. Bununla eyni zamanda Moskvanın “əsas vasitəçi” olması və bunun üzərindən maraqlarını diqtə etməsi perspektivi zəifləyir. Eyni zamanda ikitərəfli danışıqlar təcrübəsi problemlərin üçüncü tərəf olmadan qarşılıqlı maraqlar çərçivəsində həlli imkanını ön plana çıxara bilər.
İkitərəfli etımad formatının başqa hansı görünməyən tərəfləri var və perspektiv üçün bu nə vəd edir?
Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin rəhbəri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə birbaşa təmasların yalnız müsbət təsiri ola bilər: “Əslində, Ermənistanla bizim münasibətlərin gərginlik fazasından çıxmasında birbaşa təmasların rolu böyükdür. Son hadisələrin müşahidəsi göstərir ki, Rusiya hər zaman burada gərginliyin olmasında maraqlıdır. Tərəflərin bir-birinə etimadsızlığı ciddi problemlər yaradır və belə olanda Rusiyaya vasitəçi olaraq ehtiyac olur. Cənubi Qafqazda Rusiyanın qalması konfliktin olması ilə şərtlənir. Sabah burada tərəflər arasında ziddiyyət olmayacaqsa, Rusiyaya ümumiyyətlə ehtiyac duyulmayacaq. Buna görə də hər hansı təmas cəhdi Rusiya tərəfdən böyük qısqançlıqla və əsəblə qarşılanır. Bu baxımdan da tərəflərin belə addımı normaldır. Bir faktı da nəzərə alaq ki, Ermənistan ATƏT-in Minsk qrupunun da tarixin arxivinə getdiyini dərk edir. Lavrov açıq şəkildə dedi ki, Fransa və ABŞ bu formatda Rusiya ilə əməkdaşlıq etmək istəmir. Bu o deməkdir ki, ATƏT-in də vasitəçilik missiyası bitib. Ermənistan həmin təsisata çox güvənirdi. Ermənistanı bu addımı atmağa həm də mövcud reallıqlar vadar edir. Rusiya təşəbbüsü əldən verməməyə çalışacaq. Avropa Birliyi isə uzaqdadır. Tez-tez prosesə müdaxilə etmək kimi şansı yoxdur. Belə təmas sülh prosesinə yalnız müsbət impuls verə bilər”.
Məhəmmədəli QƏRİBLİ