Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir. Bu arada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Paşinyan aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb. Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanılması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər. Maraqlıdır ki, tərəflər bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə baş tutan 9 dekabr 2020, 11 və 26 noyabr 2021-ci il tarixindəki görüşlərdə əldə olunan nəticələr ustiqamətində səylərin davamının zəruriliyini vurğulayıblar. Brüsseldə əldə olunan nəticə barədə ümumiyyətlə söhbət olmayıb. Moskvanın bu reaksiyasından hansı nəticəni çıxara bilərik və Paşinyanın məhz bu məqamda Moskvaya çağırılması hansı anlama gəlir?
Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Cənubi Qafqazın öz nəzarətindən çıxmasını istəmir: “Paşinyan Qərbə meyl etsə də, daxildə onu Moskva ilə bağlayan çoxlu qüvvələr var. Rusiya bu gün Ukraynada məğlub vəziyyətdədir. Bunu hamı bilir. Çünki bütün dünya Rusiyaya qarşı səfərbər olub. Bu məğlubiyyətin acısını çıxmaq üçün Rusiya Cənubi Qafqaza fokuslanacaq. Biz bunun aydın təzahürlərini Qarabağda gərginləşdirilən vəziyyətdən də görürük. Rusiya sülhməramlıları da tam olaraq ermənilərin tərəfini saxlayırlar. Bütün bu göstərişlər də birbaşa Moskvadan gəlir. 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın şərtləti tam olaraq yerinı yetirilmir. Ermənistan məqsədli şəkildə onları yerinə yetirməkdən boyun qaçırır. Hələ də Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Azərbaycanın ərazisindədir. Bizim sərhədlə bağlı məsələlərimiz tam həll edilməyib. Ancaq Brüssel görüşünfə bizim irəli sürdüyümüz 5 təklifin hamısı Ermənistan tərəfdən qəbul edildi. Görüşdən dərhal sonra Ermənistan XİN rəhbəri təcili olaraq Lavrovla görüşmək üçün Moskvaya çağırıldı. Onlar öz diqtələrini yeritmək niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Paşinyanın Moskvaya çağırılması da həmin siyasətin davamıdır. Hesab edirəm ki, Qarabağda vəziyyətin gərginləşməsi istiqamətində təxribatları daha da artıracaqlar. Biz son dərəcə səbrli olmalıyıq. Öz balanslı siyasətimizi davam etdirməliyik. İstənilən səbrsizlik xoşagəlməyən nəticələrə səbəb ola bilər”.
Məhəmmədəli QƏRİBLİ