"Növbədənkənar qurultayın keçirilməsi üçün səylərimiz davam edir. Həm rayon təşkilatları ilə, həm də partiyanın fəalları ilə müzakirələr aparırıq". Müsavat Partiyasının üzvü Qubad İbadoğlu mətbuata açıqlamasında belə deyib.
Qeyd edək ki, Q.İbadoğlu Müsavatın bu il sentyabrın 27-də keçirilən sonuncu qurultayında partiya başqanı postuna namizədlərdən biri olub. Həmin seçkidə Arif Hacılı 228 səslə qalib gəlib. 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edir, nəticələri tanımır. Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası pozuntular olduğu barədə arayışı əsassız sayaraq 27 sentyabr qurultayının nəticələrinin partiya üzvlərinin iradəsini əks etdirdiyini bəyan edib.
Sonuncu qurultayın rəsmi nəticələrini tanımayan şəxslər dekabrın 3-də toplanaraq növbədənkənar qurultayın çağırılması üzrə təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun işini təşkil etmək, qrupu formalaşdırmaq Q.İbadoğluna tapşırılıb.
Müsavatın yeni rəhbərliyi, həmçinin sabiq başqan İsa Qəmbər növbədənkənar qurultayın çağırılması cəhdlərini kəskin pisləyir. Bu arada Müsavat funksioneri Gülağa Aslanlı "Müsavat Partiyasında hələ də sonuncu qurultayın rəsmi nəticələrindən narazı insanlar var. 2015-ci ildə bu problemin həlli üçün hansı təklifləriniz olacaq" sualına belə cavab verib: "Partiyada narazıların sayı getdikcə azalır. Bu məsələ Müsavat Partiyasının gündəliyində əsas yer tutmur. Narazı şəxslər Müsavatın ideoloji-siyasi xəttinə uyğun hərəkət edəcəklərsə, biz onlarla birgə fəaliyyət göstərəcəyik. Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir".
Görünən odur ki, tərəflərin heç biri güzəştə getmək istəmir. Proseslərin bu cür davam etməsi partiyada parçalanmaya və ciddi qopmalara gətirib çıxara bilərmi? Zatən, qurultayla bağlı narazılıqlardan sonra partiyanı tərk edənlər artıb.
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, qarşılıqlı ittihamlar belə davam etsə, bu, partiya üçün yaxşı nəticələnməyəcək: "Narazı tərəfin güzəştə getməməsi, o cümlədən qarşı tərəfin də tutduğu mövqeyi yumşaltmaması münasibətləri bir qədər də kəskinləşdirə bilər. Müşahidələr göstərir ki, hər iki tərəf tutduğu mövqedən geri çəkilmək istəmir. Bu da tərəflərin kompromisə gələcəyini şübhə altına alır. Görünən odur ki, narazı tərəf yenidən qurultayın keçirilməsində israrlıdır, rəhbərlik isə tamamilə əks mövqedədir. Başqa bir tərəfdən, sabiq başqan İsa Qəmbərin qurultayda qalib olanların yanında olması prosesin asanlıqla yoluna düşməyəcəyindən xəbər verir".