ABŞ gələn həftədən etibarən Əfqanıstanda öz hərbi missiyasını başa vurur. Bu barədə prezident Barak Obama amerikalı hərbi qulluqçularla görüşündə deyib: "Biz fasiləsiz olaraq 13 il müharibə şəraitində olmuşuq. Gələn həftədən Əfqanıstanda hərbi missiyamızı başa vururuq".
Gələn ilin sonlarından Əfqanıstanda Amerika kontingentinin 5,5 min nəfərə qədər azalacağı gözlənir.
Qeyd edək ki, maksimal göstərici 2011-ci ildə qeydə alınıb. Belə ki, həmin il Əfqanıstanda amerikalı hərbçilərin sayı 101 min nəfər təşkil edib.
Maraqlıdır ki, ABŞ-ın Əfqanıstanı tərk etməsinin fonunda Rusiya öz Hərbi Doktrinasına bu günlərdə etdiyi dəyişiklikdə sözügedən ölkə ilə bağlı müddəa əlavə edib.
Rusiya prezidenti Vladimir Putinin "Rusiya Federasiyasının Hərbi Doktrinası" haqqında imzaladığı fərmanda qeyd olunur ki, dəyişikliklər ilk növbədə Rusiya üçün yeni - xüsusilə də Ukraynadakı vəziyyətlə, həmçinin Afrikanın şimalında, Suriya, İraq və Əfqanıstanda təhdidlərin yaranması ilə bağlıdır. Bundan başqa, açıqlamada qeyd olunur ki, "Rusiya sərhədlərində NATO-nun potensialı güclənir, raket hücumundan müdafiə sisteminin qlobal yerləşdirilməsi istiqamətində fəal işlər həyata keçirilir".
Bununla belə, vurğulanır ki, yeni doktrina özünün müdafiə xarakterli məzmununu qoruyur və hərbi gücdən istifadəni ancaq bütün dinc vasitələrin sıradan çıxmasından sonra məqbul sayır.
Əfqanıstanla bağlı dünya gücləri arasında yaranan bu müəmmalı gedişlər nə ilə bağlıdır?
Hərbi ekspert Üzeyir Cəfərov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna münasibətləri fonunda baş verən hadisələr Rusiya prezidenti Vladimir Putini təcili addımlar atmağa və qərarlar qəbul etməyə vadar edir: "Bunlardan biri də "Rusiya Federasiyasının Hərbi Doktrinası" haqqında yeni fərman imzalanmasıdır ki, indi bunu çoxları maraqla izləyir. Bildiyiniz kimi, bu, ötən il qəbul edilmiş bir yeni sənədə əlavədir ki, bu da Rusiya kimi nüvə dövləti üçün çox nadir hallarda müşahidə olunan hadisədir. Yəni Hərbi Doktrina və ya Milli Təhlükəsizlik Konsepsiyası adətən uzun müddətə hazırlanır və çox nadir hallarda, fors-major hallarda onlara dəyişiklik və ya əlavələr edilir. İndi təsəvvür edin, vəziyyət hansı kritik nöqtəyə çatıb ki, Rusiya belə bir addımı atmağa məcbur olub. Əfqanıstan dünyanın super gücləri üçün bir bataqlıq anlamını daşıyır. Yeni doktrinaya Əfqanıstanın da adının salınması heç də Rusiyanın həmin bölgəyə qayıda biləcəyilə bağlı deyil. Məlum olduğu kimi, Rusiyanın sələfi sayılan SSRİ 10 il Əfqanıstanda heç nəyə nail ola bilmədi. ABŞ da 2001-ci ildə Əfqanıstana həmlə etdi. 13 il müddətində heç bir irəliləyiş əldə olunmadı. Bunu anlayaraq oranı tərk edir. Rusiyanın həssas bölgələri, başqa sözlə, ABŞ-ın marağı olan sahələri öz doktrinasına əlavə etməsi paritetliyi təmin etmək məqsədi daşıyır. ABŞ-a xatırladılır ki, sən mənim işlərimə müdaxilə etmək istəsən, adekvat cavabını alacaqsan. Bir sözlə, Əfqanıstan müddəası psixoloji təzyiq üçün əlavə olunub".