2022-ci ilin 6 aprelində Brüsseldə AB prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş Əliyev-Paşinyan görüşünə rəsmi Moskvanın reaksiyalarında ilginc məqamlar üzə çıxmaqdadır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
İlk gündə Peskovun olduqca soyuq və qısa reaksiyası aydın göstərdi ki, Rusiya Avropanın bölgəmizdə fəallaşmasından məmnun deyil. Ş.Mişelin mətbuat üçün açıqlamalarında bir dəfə də Rusiya Federasiyası sözü işlətməməsi diqqətdən yayınmadı və Rusiyanın mütləq cavab verəcəyi əvvəldən bəlli idi. Bu günlərdə Mirzoyanla görüşdən sonra Lavrovun bəzi fikirləri Mişelin taktikasına və ümumən Avropaya cavab kimi başa düşülməlidir. Mişel bir dəfə də "Rusiya Federasiyası" demədi, Lavrov isə təkrar-təkrar dedi ki, proseslər ali səviyyədə qəbul edilmiş üç sənəd əsasında tənzimlənməlidir, yəni Lavrov da öz növbəsində iki Brüssel razılaşmasına - ötən il dekabrın 15-də və bu il aprelin 6-da - heç bir məhəl qoymadı. Mişel aprelin sonuna qədər delimitasiya komissiyasının işə başlamasını anons etmişdi. Lavrov isə dedi ki, delimitasiyanın Rusiyanın məşvərətçi iştirakı ilə ikitərəfli qaydada həll edilməsi noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılıb. Əlavə etdi ki, tək ona görə yox ki, xəritələr Rusiyanın Baş Qərargahındadır, həm də ona görə ki, əsrlər boyu bizlər bir regionda yaşadığımız üçün bu format daha səmərəlidir. Fikrimcə, hər şey aydındır. Lavrov demək istədi ki, delimitasiya məsələsi bizlikdir və Avropaya bu məsələdə yer yoxdur. Mişelə Lavrovun daha bir mesajı bu oldu - hər şey 10 noyabrda, 11 yanvarda və 26 noyabrda üçtərəfli formatda qəbul edilmiş sənədlərə söykənməlidir...
Qarabağ mövzusunda çətin proseslər başlayır. Rusiya Brüssel sənədinə hər vasitə ilə mane olmağa çalışacaq...