2014-cü il ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti və QHT-lər üçün bir qədər gərgin il olub. Həm ölkəmizdə keçirilən tədbirlər, həm QHT-lərlə bağlı olan qanunlara dəyişikliklər, həm də bəzi qeyri-hökumət təşkilatlarının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığının üzə çıxması baxımından bu il QHT-lər üçün gərgin il oldu.
Bu gərginlik onu özündə ehtiva etdi ki, QHT-lər əvvəlki illərdən fərqli olaraq daha çox müzakirə obyekti oldu. Bu müzakirələrə cari ilin ikinci yarısından başlayaraq start verildi və ilin sonunda proses daha da sürətləndi. Bunun da səbəbi ondan ibarətdir ki, dünyada gedən proseslər, Azərbaycana qarşı ikili standartlar bu məsələnin önə çəkilməsini sürətləndirdi. Mütəmadi olaraq QHT-lərə ayrılan vəsait artırılır. Artıq bu kimi təşkilatlar həm Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, həm Gənclər Fondu, həm də digər fondlardan vəsait ala bilir. Bu il həmçinin bəzi qanunvericilik aktlarına düzəliş və əlavələr edildi.
Ümumiyyətlə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında xarici QHT-lər və onların Azərbaycandakı nümayəndəliklərilə bağlı dəyişikliyin edilməsinə ehtiyac varmı?
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun fikrincə, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərin, xüsusilə də xarici ölkələrlə əlaqəsi olan QHT-lərin fəaliyyətində meydana çıxan qeyri-şəffaflıq qanunvericiliyimizə dəyişikliklərin edilməsi zərurətini ortaya çıxardı: "Bəzi təşkilatlara heç bir qrant elan edilmədən kifayət qədər vəsait ayırırdılar. Dövlət də bunu gördü və bu yöndə şəffaflığın artırılması üçün ciddi addım atıldı. Əgər həmin dövlətlər demokratiyadan danışırlarsa, o zaman QHT-lərə ayrılan vəsait də şəffaf olmalı idi. Mən bunu qanunların sərtləşdirilməsi kimi qəbul etmirəm. Qanunlar heç də sərtləşməyib. Əslində qanunda boşluqlar var idi. Xaricdən maliyyələşən layihələrlə bağlı boşluqlar var idi ki, bunlar aradan qaldırılıb. Bu istiqamətdə hüquq-mühafizə orqanları müvafiq addımlar atıb və bəzi QHT sədrləri həbs olunub. Biz bəzi hallarda həmin təşkilatlarla görüşürdük. Onlar bunu etiraf etmirdilər. Bu bir növ gizli xarakter daşıyırdı, şəffaflıq yox idi, qapalı şəkildə fəaliyyət göstərirdilər. Avropa qurumlarına hər şeyi qara görmək kimi təqdim edirdilər. Həmin təşkilatların da dövlətdən maliyyə dəstəyi almaq imkanları olub və alıblar da. Bu baxımdan da Azərbaycan dövləti QHT sektorunun şəffaf fəaliyyət göstərməsinin marağındadır. Zərurət yaranarsa, istənilən qanunumuza dəyişiklik edilə bilər".