Artiq Kiyevdə yaranan sabitlikdən sonra xarici ölkə səfirlərinin Ukrayna paytaxtına geri qayıtması prosesi başlayıb. Azərbaycanın da bu ölkədəki səfirliyinin və səfir Elmira Axundovanın fəaliyyətin bərpa olunmasının vaxtı çatıb.
Məlum olduğu kimi, səfirimizin müharibə dönəmindəki fəaliyyəti ictimaiyyətdə narazılıqla qarşılanıb və bu barədə Elmira Axundova da bəzi fikirləri ilə müzakirə obyektinə çevrilib. Elmira Axundova Kiyevi hamıdan tez tərk edərək, bunu qadın olmağı ilə izah etmişdi. Onun bu hərəkəti, xüsusilə də Ukraynada yaşayan soydaşlarımız tərəfindən birmənalı qarşılanmadı. Başqa ölkələrin səfirləri öz soydaşlarının Ukraynadan evakuasiyası ilə məşğul olduğu halda, Elmira Axundova oradakı 500 min soydaşımızı taleyin ümidinə buraxdı. Belə olan təqdirdə Elmira Axundovanın yenidən səfir kimi Ukraynaya dönməsi nə dərəcədə doğru olar?
Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Elmira Axundovanın attdığı addımın bir adı var, o da fərarilikdir: “Buna başqa don geyindirmək olmaz. Ancaq Elmira Axundova atdığı addımı qadın olmağı ilə izah etməyə çalışdı. Mən isə başqa qənaətdəyəm. Bəlkə tamamilə başqa bir qüvvənin təhriki ilə bu addımı atıb. O, etdiyi hərəkətlə Azərbaycan dövlətinin imicini zədələyib. Bu hərəkətə mütləq hüquqi qiymət verilməlidir. Əgər bizim XİN yenidən oni səfir statusunda Kiyevə qaytaracaqsa, bu böyük bir biabırçılıq olacaq.
Kiyevdə olan başqa ölkələrin səfirləri Ukraynanı tərk etməmişdi. Onların böyük əksəriyyəti öz yerlərini Lvova dəyişib, orada fəaliyyət göstərirdi. Orada öz soydaşlarının evakuasiyası və başqa problemlərlə məşğul olurdular. Səfirin başqa asılılığı varsa, bu, ölkə üçün çox zərərlidir. Hesab edirəm ki, bütün gerçəkilklər Azərbaycan xalqına bildirilməlidir. Elmira Axundova nəinki səfir göndərilməli, əksinə, onunla bağlı cinayət işi açılmalıdır. Postunu qoyub qaçan səfirlə, öz mövqeyini icasəsiz tərk edən əsgər arasında heç bir fərq yoxdur. Əslində insanın özündə də bir ictimai məsuliyyət hissi olmalıdır. İnanmıram ki, Elmira Axundovanın özü ictimai qınaqdan nəticə çıxarıb istefa verər. Belələri ilə bağlı sərt inzibati və hüquqi ölçü götürülməlidir”.
Məhəmmədəli QƏRİBLİ