Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür.
Rusiyanın Brüssel anlaşmalarına reaksiyasını 10 gün ərzində öyrənəcəyik, çünki Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək. Ötən bir il yarım ərzində Rusiya məhz Qərb vasitəçilik təşəbbüslərini artırdıqdan sonra fəallaşıb. Bundan sonra baxaq, görək Moskva nə edəcək? Ümumiyyətlə, bu görüşdə ortaya çıxan müsbət nəticələrdən biri odur ki, ATƏT-in Minsk Qrupu daha yoxdur. Məsələlər yalnız dövlətlərin özləri arasında müzakirə olunur.
Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbrli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kremlin Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacağı ehtimalları səslənir. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən, Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək. Belə fikirlər də var ki, Moskva iki ölkənin XİN rəhbərlərinin görüşünü keçirməkdə də maraqlıdır.
Moskvanın bu prosesə mane olmaq istəyinə dair səslənən fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya Peskovun dili ilə prosesi dəstəklədiyini bəyan etdi: “Təşəbbüsü ələ almaq üçün bindan sonra da müəyyən addımlar atacaq. İlk növbədə demək lazımdır ki, Brüssel danışıqlarında Soçidə qəbul edilmiş qərarların icrası istiqamətində addım atıldı. sülh danışıqlarının aparılmasında Azərbaycan vasitəçi kimi Rusiyanı görürdü. Ermənistan isə Minsk Qrupunun vasitəçiliyini qəbul edirdi. Artıq prosesə Avropa Birliyi qoşulub. Çox güman ki, danışıqlar birlikdə aparılacaq. Çünki Rusiyasız prosesin aparılması qeyri-mümkündür. Regionun əsas güc sahibi olan ölkə istəməz ki, onun iştirakı olmadan hansısa sülh sazişi imzalansın. Ola bilər ki, yenə də təşəbbüsü ələ alsın və bizm gözləmədiyimiz halda sülh sazişi Rusiyada imzalansın. Əsas məsələ budur ki, Minsk Qrupu prosesdən kənarda saxlanılsın. Hələlik proses bizim istədiyimiz məcrada gedir. Avropa Birliyinin bu aktivliyi hələlik narahatlıq doğurmur. Rusiyanın kənarda qalmaması bizə sərf edir. Balans üçün bu lazımdır. Görsək ki, Avropa Birliyi prosesi başqa məcraya sürükləyir, Rusiya amilini qabarda bilərik. Kifayət qədər mürəkkəb bir proses başlayıb. Bunun nəticəsini yaxın aylarda görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ