Bu dəfə Jirinovski kəfəni yırta bilmədi. 75 yaşında olan siyasətçinin öldüyü ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, öz təsdiqini tapmırdı.
Dünyasını dəyişən Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski Azərbaycana qarşı qərəzli mövqeyilə seçilirdi. Ölkəmizlə bağlı zaman-zaman təhqiramiz fikirlər səsləndirən rusiyalı siyasətçi açıq-aşkar ermənilərin tərəfini tutur, türk dünyasına nifrət püskürürdü. Maraqlıdır, uzun sürən xəstəlikdən sonra gözlərini dünyaya əbədi yuman Jirinovski Azərbaycanda necə və kimlərlə yanaşı xatırlanacaq?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu insan bütün türk dünyasının düşməni idi: “Azərbaycana qarşı mənasız ittihamları, qızışdırıcı mövqeyilə yadda qalırdı. Hətta Azərbaycan xalqını açıq şəkildə təhqir etməkdən belə çəkinməmişdi. Onu Kremlin “danışan dili” kimi xarakterizə edirdilər, amma əslində normal intellektual göstəricilərə cavab verə bilməyən bu adam əsl provokator idi. Millətlər və dövlətlərarası münasibətləri gərginləşdirən təxribatçı idi. Xüsusən də türk dünyasına vurduğu zərərləri ilə yadda qalacaq. Çox arzu edərdim ki, Rusiya siyasətində bundan sonra belə xarakterli, bənzər dünyagörüşlü adam peyda olmasın. Çünki bunların mövcudluğu təkcə bizim üçün deyil, hətta Rusiyanın özü üçün bir fəlakətdir. Əslində, Jirinovski sədri olduğu partiyanın ideologiyasının daşıyıcısı olmayıb. O, tipik faşist ideologiyasına mənsub bir adam idi. Özü getdi, amma xoş olmayan bir təəssürat buraxdı. Müsəlmanların dili ilə desək, yaxşı əməlləri ilə yox, lənətlənə biləcək addımları ilə yadda qaldı. Bu şəkildə də xatırlanacaq”.
Məhəmmədəli QƏRİBLİ