Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat verib.
Avropa İttifaqı Şurasının Prezidenti Cənubi Qafqaz regionunda vəziyyətə dair müzakirələrin davam etdirilməsi və Avropa İttifaqının hər iki ölkə ilə münasibətlərinin inkişafı üçün Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edib.
Prezident Mişel etimadı və dinc birgəyaşayışı təşviq etmək məqsədilə hər iki tərəfdən humanitar jestlərin əhəmiyyətini vurğulayıb. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllinin önəmini vurğulayıb və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirib. Avropa İttifaqı, öz növbəsində, Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaq.
Aİ-nin münaqişədən əziyyət çəkənlərə maliyyə yardımını artırmaq istəyi olduqca mühüm məqamdır. Eyni zamanda, bu bir yenilikdir.
“Bu, bərpa işlərinin sürətlənməsinə xidmət edəcək və məcburi köçkünlərin qayıdışını tezləşdirəcək”
Məsələyə münasibət bildirən Dirçəliş və Tərəqqi partiyasının sədri Ramil Hüseynovun fikrincə, Avroittifaqın Qarabağ məsələsində münaqişədən əziyyət çəkən əhaliyə yardım göstərmək istəyi vacib nüansdır: “Bu onu göstərir ki, sözügedən məsələdə Avropa İttifaqı təkcə tərəflərə siyasi dəstək göstərməklə kifayətlənmək fikrində deyil. Həm də iqtisadi baxımdan yardım etmək fikrindədir. Hansı ki, buna çox böyük ehtiyac var. Məsələ ondadır ki, Ermənistanın ərazilərimizi işğal etməsi nəticəsində çoxsaylı yaşayış məntəqələrimiz dağıdılıb. Onların bərpası və məcburi köçkünlərin ora qayıtması böyük vəsaitlər, vaxt tələb edir. Aİ kimi bir qurumun münaqişə qurbanlarına maliyyə yardımı etməsi bərpa işlərinin sürətlənməsinə xidmət edəcək. Bu da, öz növbəsində, məcburi köçkünlərin qayıdışını tezləşdirəcək”.
Vidadi ORDAHALLI