Rusiyanın sülhməramlı hərbi kontingentinin komandanlığı müvəqqəti məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlılara aid bölmədə dərc edilmiş yeni xəritələrdən bəlli olur.
Belə ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq sülhməramlıların xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayı artırılıb. Aprelin 4-ü və 5-i tarixlərindəki xəritələri aprelin ilk günləri və daha öncəki tarixli xəritələrlə müqayisə edəndə son 2 gündə müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı məlum olub. Postlar Laçın, Tərtər, Xocalı, Xocəvənd rayonlarında qurulub. Çox güman ki, bu, martın son günlərində Ağdam yaxınlığındakı Fərrux dağı ətrafında baş verən gərginliklə bağlı baş verib. 10 noyabr 2020-ci ildən bəri daim 1-ci və sonuncu 27-ci postlar Laçın rayonun dəhliz sahəsindəki Zabux və Ağanus kəndlərində olub. Ancaq aprelin 4-ü və 5-dəki xəritələrdə 1-ci post yerində qalsa da, sonuncu post artıq 33 nömrəsi ilə Ağanus kəndində yox, Xocalı rayonunun Fərrux kəndi yaxınlığındakı Pirlər kəndi ərazisində yerləşib. Laçın rayonunun Ağanus kəndindəki 27-ci post da yerində qalıb. Ancaq 4 aprel tarixində həmin kənd yaxınlığına 28-ci post da salınıb.
Burada diqqəti çəkən məqam odur ki, Rusiya heç bir rəsmi açıqlama vermədən Azərbaycan ərazisindəki müşahidə postlarının sayını 27-dən 33-ə qaldırıb. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanla məsləhətləşmədən, icazə almadan postların sayını artırıb.
“Belə baxanda, postların sayının artırılmasına qətiyyən ehtiyac yox idi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, Azərbaycanın xəbəri və icazəsi olmadan rus sülhməramlıların postların sayını artırması inandırıcı deyil: “Çünki tərəflər arasında Monitorinq Qrupu var. Bu Monitorinq Qrupunun işi sülhməramlıların işini nəzarəti altında saxlamaqdan ibarətdir. Əgər orada postlar artırılıbsa, bu, mütləq qarşılıqlı razılaşma şəklində reallaşdırıla bilər. Yəni Azərbaycan tərəfinin xəbəri olmadan bunu etmək mümkün görünmür. Bunu ediblərsə, deməli Azərbaycan tərəfinin bundan xəbəri var. Yox, Azərbaycanın razılığı olmadan postların sayı artırılıbsa, o zaman bu, kobud müdaxilə və özbaşınalıqdır. Ancaq Azərbaycan tərəfinin icazəsi olmadan belə bir addımın atılması real görünmür. Bir şeyi də unutmaq olmaz ki, Müdafiə Nazirliyi hər şeyi detallı şəkildə bəyan etməyə borclu deyil. Elə məsələlər var ki, o barədə məlumat vermək məsləhət görülmür. O üzdən, bu kimi məqamlar nəzərə alınmalıdır. Digər tərəfdən, belə baxanda, postların sayının artırılmasına qətiyyən ehtiyac yox idi. Sülhməramlıların yanaşmasının, baxış bucağının dəyişdirilməsinə ehtiyac var. Söhbət ondan gedir ki, sülhməramlılar tərəfsiz mövqedən çıxış etmir. Açıq şəkildə ermənilərin tərəfindən çıxış edirlər. Bu isə qəbuledilməzdir”.
O üzdən, hərbi ekspert hesab edir ki, sülhməramlıların baxış bucağı dəyişməlidir.
Vidadi ORDAHALLI