Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçirilib.
Üçtərəfli görüşdən sonra bəyanat yayılıb.
Bəyanatda vurğulanır ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: 1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
O da məlumdur ki, ötən ilin noyabrında Soçi Bəyanatında da ilin sonuna qədər tərəflərin sərhədlər üzrə komissiya yaratması öhdəliyi öz əksini tapmışdı. Ancaq sözügedən məsələ yerinə yetirilmədi. Yəni Soçi danışıqlarında nəzərdə tutulan həmin maddə vaxtında icra olunmadı. O baxımdan Brüsseldə sərhədlərlə bağlı razılaşmanın Soçidəki kimi olmayacağına nə kimi qarantiyalar var?
“Ermənistana təzyiqlər edilməsə, Brüssüldə əldə olunan razılaşmanın Soçidəki kimi olmayacağına zəmanət yoxdur”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, bunun baş verməməsi üçün Ermənistana təzyiqlər edilməlidir: “Ümumilikdə, həm 26 noyabr Soçi görüşü, həm də 14 dekabrda keçirilən birinci Brüssel görüşü bənzər idi. Yəni o zamankı Brüssel Bəyanatında da fərqli fikirlər və müddəalar səslənməmişdi. Həmin dövrdə Avropa İttifaqı Şurası tərəfindən Ermənistanın üzərinə qoyulan öhdəliklər var idi. Ancaq təəssüflər olsun ki, Ermənistan həmin öhdəlikləri yerinə yetirmədi. Nəticədə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı konkret işlərə başlanılmadı. Eyni zamanda Ermənistanın verdiyi mina xəritələrinin böyük əksəriyyətinin saxta olduğu məlum oldu. Həmçinin Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş azərbaycanlıların taleyinə də aydınlıq gətirilmədi. Bu baxımdan hesab edirəm ki, aprelin 6-da keçirilən Brüssel görüşündə Ermənistana öhdəliklərlə bağlı daha çox təzyiqlər edilməli idi. Görüşün 4 saatdan çox davam etməsi əslində danışıqlar prosesi baxımından mühüm əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Şurası və onun rəhbəri tərəflər arasında mütəmadi görüşlərin keçirilməsində maraqlıdır. Eyni zamanda, Aİ-nin bu görüşlərə Rusiyada keçirilən görüşlərin davamı kimi yanaşması mühüm əhəmiyyət kəsb edir. Çünki dünyadakı bir sıra problemlərin həllinə yanaşmada Aİ ilə Rusiyanın fərqli mövqeyi var. Ancaq Qarabağ məsələsində elə bir ciddi fikir ayrılığı yoxdur. Ona görə də Ermənistana təzyiqlər edilməlidir. Yox, Ermənistana təzyiqlər edilməsə, Brüsseldə əldə olunan razılaşmanın Soçidəki kimi olmayacağına zəmanət yoxdur. Azərbaycan qalib dövlət olaraq şərtləri diqtə edən tərəf olsa da, daim sülhə sadiq olduğunu dəfələrlə vurğulayıb. Ona görə də bundan sonra əsas iş Ermənistanın üzərinə düşür”.
Bir sözlə, politoloq hesab edir ki, həm Aİ, həm də Rusiya Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə daha ciddi nəzarət etməlidir.
Vidadi ORDAHALLI