Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabından paylaşım edib. Ukrayna səfiri rusiyalı əsgərlərin hərəkətini erməni vandalizmi ilə eyniləşdirib.
Qeyd edib ki, Ukraynanın dünya şöhrətli şairi Taras Şevçenkonun heykəli Rusiya hərbçiləri tərəfindən güllələnib. O, Şevçenkonun güllələnmiş heykəli ilə yanaşı Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü paylaşıb və bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirib. "Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü”, – deyə o qeyd edib.
1992-ci il tarixli #Xocalı faciəsi ilə 2022-ci il tarixli #Buça qətliamı arasında 30 il ötüb. Vaxt keçir, lakin əl yazısı eyni olaraq qalır...#Ukrayna #Azərbaycan#StopRussianAggression pic.twitter.com/zmqL3n2Bt4 — Vladyslav Kanevskyi (@V_Kanevskyi) April 7, 2022
1992-ci il tarixli #Xocalı faciəsi ilə 2022-ci il tarixli #Buça qətliamı arasında 30 il ötüb. Vaxt keçir, lakin əl yazısı eyni olaraq qalır...#Ukrayna #Azərbaycan#StopRussianAggression pic.twitter.com/zmqL3n2Bt4
"Müasir İnkişaf" Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, Ukrayna səfirinin yazdığı fikirlərlə əsasən razıdır. "Mən sosial şəbəkədə də bir paylaşım etmişdim. 220 ildən çoxdur ki, Rusiya dövlətinin ordusu və xalqı bu cür əməllərlə məşğuldur. Düzdür, bəzən deyirlər ki, xalqın bunda günahı yoxdur. Amma hesab edirəm ki, bu faciələrin baş verməsində elə xalq da aktiv iştirak edir. Xalq sanki Rusiyanın Ukraynaya qarşı işğal planına seyrçi qalır. Seyrçi qalmaq özü razılıq əlamətidir. Ona görə də mən rus xalqının da xeyli bir hissəsinin bu prosesdə iştirakını qeyd etmək istəyirəm. Rus dövləti, ordusu və xalqı 220 ildən çoxdur ki, Cənubi Qafqazı, türk, müsəlman toplumunu faciələrlə, zorakılıqlarla, soyqırımlar törətməklə əllərində saxlayır. Biz 220 ildən çoxdur ki, Rusiyanın burada hər cür soyqırımlarının şahidi olmuşuq. Birbaşa və ya dolayısı ilə. Birbaşa özlərinin iştirakı ilə də soyqırımlar törədiblər, ermənilərin əli ilə də bizi soyqırıma məruz qoyublar. Ən yaxın tariximizdə biz 20 Yanvarda, Xocalıda və sair rusların və ermənilərin bizə qarşı törətdiyi amansız soyqırımları yaşamışıq.
Bu gün də Ukrayna xalqı eyni faciəni yaşayır, orada da nəinki canlı insanlar, hətta dahilərin heykəlləri də güllələnir. Necə ki, vaxtilə ermənilər Azərbaycan dahilərinin - Natəvanın, Üzeyir bəyin və Bülbülün büstlərini güllələmişdi. İndi isə Ukraynada Taras Şevçenkonun heykəli güllələnib, bu baxımdan səfirin müqayisəsi çox doğrudur. Göründüyü kimi, işğalçı işğalçıdır və o təkcə sivilləri güllə qabağına düzmür, həm də heyfini daş heykəllərdən alır. Biz bunu yaxın tariximizdə yaşamışıq ".
M.Göyüşlü qeyd etdi ki, Rusiya ordusunun insanlarla yanaşı mədəni irsə, mədəniyyətə qarşı etdikləri də təəssüf doğurur. Onun bildirdiyinə görə, biz Ukrayna xalqını ona görə yaxşı anlayırıq, onun ağrısını hiss edirik ki, bizim insanlarımıza, mədəniyyətimizə, dilimizə, əlifbamıza qarşı da soyqırımlar olub. Bizim özümüzün yüzlərlə ziyalımızın Rusiya imperiyasının repressiya maşınının altında məhv edildiyini deyən M. Göyüşlü bildirdi ki, bu amansızlığı biz yaşamışıq :"Bu məsələdə Ukrayna səfiri ilə həmrəyəm".
İradə SARIYEVA