ABŞ prezidenti Barak Obama deyib ki, Vladimir Putin Krımı ilhaq edəndə "strateji səhv" etmişdi və bu addım "ağıllı deyildi". Rusiyanın iqtisadi böhranı cənab Putini "dahi" hesab edənlərin yanıldığını göstərib, o deyib.
Beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını neftin qiymətinə qarşı xüsusilə həssas edib, cənab Obama qeyd edib.
Rusiya Krım yarımadasını ilhaq edəndən sonra ABŞ, Aİ və digər ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bundan sonra rubl dollara qarşı dəyərinin yarısını itirib və Rusiyanın iqtisadiyyatı zəifləməyə başlayıb.
O, həmçinin bu yaxınlarda İranda ABŞ səfirliyinin açılacağını istisna etməyib.
"Heç vaxt 'heç vaxt' demirəm, amma məncə bu ... tədricən baş verməlidir", ABŞ prezidenti NPR radiostansiyasına deyib.
Bundan savayı cənab Obama qeyd edib ki, İslam Dövləti qruplaşmasına qarşı vuruşmaq üçün ABŞ əsgərlərini İraq və Suriyaya göndərmək məqsədəuyğun olmazdı.
Prezident Obama qış tətili üçün Havay adalarına getməzdən əvvəl NPR radiostansiyasının müxbiri Steve Inskeep ilə danışıb.