Xəbər verildiyi kimi, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Bakıda qurumun Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edib.
Açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyat Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynalxalq birliyin üzvləri iştirak edib.
Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azarbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyat Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynalxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialin artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının hayat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.
Göründüyü kimi, Fəaliyyət Planı çərçivəsində ayrılan 9,6 milyon avro vəsaitlə bir sıra işləri həyata keçirmək və o cümlədən vətəndaşların həyat səviyyəsini yüksəltmək istəyirlər. Yəni əhalinin rifahını yaxşılaşdırmaq nəzərdə tutulub. Nəzərə alsaq ki, müharibədən sonra Azərbaycanın xərcləri daha da artıb. Əhalinin rifahını yaxşılaşdırmaq üçün indi daha böyük vəsaitlərə ehtiyac var. İşğaldan azad olunan yaşayış məntəqələrinin bərpası, məcburi köçkünlərin ora qaytarılması böyük vəsaitlər tələb edir. Belə bir şəraitdə əhalinin həyat səviyyəsini yüksəltməyə Fəaliyyət Planı çərçivəsində cəmi 9,6 milyon avro ayırmaq nə dərəcədə məqbul sayıla bilər?
“Bu olduqca kiçik rəqəmdir və Avropa qurumlarının Azərbaycanın problemlərinə biganə münasibətinin göstəricisidir”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, əsla sözügedən vəsaiti əhalinin rifahını yaxşılaşdırmaq baxımından məqbul hesab etmək olmaz: “Avropa Şurası kimi bir təşkilatın bir belə işin görülməsi üçün 9,6 milyon avro ayırması təəccüb doğurur. Bu olduqca kiçik rəqəmdir və hesab edirəm ki, Avropa qurumlarının Azərbaycanın problemlərinə biganə münasibətinin göstəricisidir. Avropa qurumları 30 ilə yaxın işğal altında qalan Azərbaycan ərazilərini görməzdən gəldilər. Bir dəfə də olsun Ermənistana yönəlik qəti tələblərlə çıxış etmədilər. İndidə Ermənistanla müqayisədə Azərbaycana çox cüzi vəsait ayırırlar. Bu, bir növ Azərbaycana qarşı sərgilənən ikili standartın davamıdır. Görünən odur ki, Azərbaycana münasibətdə ayrıseçkilik aradan qalxmayıb. Avropa qurumları nəzərə almalı idilər ki, Azərbaycan işğal dövründə böyük dağıntılara məruz qalıb. Bütün infrastruktur, yaşayış məntəqələri yenidən qurulmalıdır. Bunu bilə-bilə belə ədalətsiz yanaşma sərgiləyirlər. Təəssüf doğuran məqam həm də odur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol da nəzərə alınmır”.
Bu baxımdan iqtisadçı-ekspert hesab edir ki, Avropa qurumları öz siyasətinə yenidən baxmalıdır.
Vidadi ORDAHALLI