Avropa Birliyinin İrəvandakı səfirinin adından erməni mediasının yaydığı xəbər narahatlığıma səbəb oldu. Belə məlumatın aprelin 6-da Brüsseldə Əliyev, Paşinyan və Mişelin üçlü görüşü ərəfəsində yayılması heç də xeyirli əlamət deyil.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənistan parlamentinin insan haqları komissiyasının sədri Tovmosyan Xankəndinə səfərindən sonra ABŞ, Fransa, Rusiya və Avropa Birliyinin səfirlərinə yazdığı məktublar barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb. Səfirlərə Azərbaycan hərbçilərinin guya Fərrux və Pirlərdə törətdikləri barədə yazdığı şartan-partanları bir kənara qoyuruq, ancaq əsl hədəflərini başa düşürük. Tovmosyan Avropa İnsan Haqları Məhkəməsinin "yaşamaq hüququ", sülh və təhlükəsiz şəraitdə yaşamaq hüquqlarının pozulması kimi çox populyar terminlərini gen-bol işlədərək hay-küyün dozasını qaldırmağa çalışır. Şübhə olmasın ki, Azərbaycanı Avropa Məhkəməsinə verməyi planlaşdırırlar. Bu öz yerində və keçək daha prinsipial başqa məqama...
Tovmosyan Avropa Birliyi səfirinin ona yazdığı cavab məktubunda guya yer almış aşağıdakı fikirləri qabardır. "Avropa Birliyi ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəkləyir və onun hərtərəfli və sabit qərarlar tapmağa yönəlik səylərini tamamlamaq istəyir". Bu, Tovmosyanın AB səfirinin adından yaydığı məlumatdır. Səfirin həqiqətdə belə sözlər yazıb yazmadığını hələlik bilmirik. Ancaq Azərbaycan üçün heç bir halda faydalı ola bilməz. İllah ki, Prezident Əliyevlə Paşinyanın 6 aprel Brüssel görüşü ərəfəsində deyildiyi üçün ziyanlıdır. Məlumdur ki, Azərbaycan 44 günlük müharibədən sonra Dağlıq Qarabağ münaqişəsindən qalmış məsələlərin həllinə həmsədrlərin cəlb edilməsinə əsas görmür və Prezident Əliyev bunu dəfələrlə açıq deyib. Tovmosyan 6 aprel görüşünün gündəmini öncədən yaratmaq istəyir və rəy yaratmağa çalışır ki, guya AB prezidenti Şarl Mişel Brüsseldə Əliyevə təsir göstərəcək ki, post-Qarabağ məsələlərinin həllində Minsk Qrupunun roluna münasibətini dəyişsin və Fərrux-Pirlər hadisələri vaxtı Azərbaycanın guya təxribatla təmas xəttini keçdiyinə rəsmi Qərb əmindir. Hər halda bizim tanıdığımız Prezident Əliyevin belə təsirlərə düşəcəyinə heç bir ehtimal vermirik.
Ancaq öz növbəsində Avropa Birliyi Azərbaycana izah verməlidir ki, niyə Azərbaycanın rəsmi dövlət siyasətinə zidd mövqe sərgiləyir... Bəlkə AB-nin İrəvandakı səfiri heç o məna və məzmunla yazmayıb?..