Məlum olduğu kimi, Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşiliklər törətdiklərini, tarixi, dini, mədəni abidələri və digər tikilələri dağıtdıqlarını qeyd edərək, işğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların hələ minalardan təmizlənməməsi məsələsinə dəfələrlə toxunub.
“Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında pərakəndə şəkildə minalar basdırıb”
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, bütün münaqişə bölgələrində mina problemi hər zaman yaşanır: “Minalanmış ərazinin təmizlənməsi zamanı gələndə bu işi görənlər həmin minaların yerini bilmir. Belə olan halda faciələr baş verir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında pərakəndə şəkildə minalar basdırıb. Baxmayaraq, mərhələli şəkildə bizə mina xəritəsi verdilər. Ancaq sonradan məlum oldu ki, sözügedən xəritələrin yalnız 25 faizi özünü doğruldur, 75 faiz isə özünü doğrultmur. Bu problemin öhdəsindən gəlmək çətin olacaq”.
Həmsöhbətimiz xüsusi olaraq qeyd etdi ki, ölkə başçısı məlum məsələni dəfələrlə gündəmə gətirir: “Beynəlxalq təşkilatların bu məsələdə köməklik göstərməsinin vacibliyini onların diqqətinə çatdırır. Azərbaycanın qısa müddətdə təkbaşına bütün minaları tapıb zərərsizləşdirməsi mümkün deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi işğal altında olan torpaqları azad edib. Məcburi köçkünləri öz yurdlarına qaytarmaq istəyirik. Insanların səbri tükənir. Bu səbəbdən Azərbaycan tərəfi prosesi sürətləndirmək istəyir. Bunun üçün də ərazi minalardan tam şəkildə təmizlənməlidir. Bu səbəbdən Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı, eyni zamanda, bəzi başqa yüksək rütbəli beynəlxalq qurumların nümayəndələrilə görüşən zaman məlum məsələni onların diqqətinə çatdırıb. Yaxşı olar ki, ermənilər ətəklərindən daşı töküb mina xəritələrini versin. Belə olarsa, Qarabağ sakinləri rahat şəkildə öz torpaqlarına tezliklə geri qayıdar”.
Günel CƏLİLOVA