Xəbər verildiyi kimi, aprelin 6-da Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Qeyd edək ki, ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Ancaq Brüssül görüşü ərəfəsində Nikol Paşinyan ziddiyətli fikirlər səsləndirir. Xüsusən də o, 10 noyabr razılaşmasının 4-cü bəndini özünməxsus formada təhrif edən açıqlamalarla çıxış edir. Paşinyan bəyan edib ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur və bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur.
Paşinyanın sözlərinə görə, guya Azərbaycan üçtərəfli bəyanatın erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına dair bəndini düzgün təfsir etmir: “Çünki 9 noyabr bəyanatında erməni birləşmələrinin haradan getməli və harada qalmalı olduqları dəqiq göstərilib”.
Əslində Paşinyanın açıqlaması həm də ondan xəbər verir ki, Rusiya da 4-cü bəndin icra olunmasında maraqlı deyil. Belə olmasaydı, Kreml Ermənistanı buna məcbur edərdi.
“Ermənistan və Rusiya tərəfi bu öhdəliklərin bir çox bəndlərini yerinə yetirmir”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Qarabağda erməni silahlı birləşmələrinin mövcudluğu beynəlxalq hüquq tərəfindən tanınmış Azərbaycan dövlətinin ərazi bütövlüyünə birbaşa təhdiddir: “Azərbaycanın ərazi bütövlüyünü bütün dünya dövlətləri tanıyır. Eyni zamanda Azərbaycan ərazilərində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi mövcud deyil. Qarabağ və Şərqi Zəngəzur adlı iqtisadi rayonları mövcuddur. Ərazi vahidlərimizi bütün dünya dövlətləri birmənalı olaraq tanıyır. 2020 -ci il 10 noyabr Bəyannaməsində Azərbaycan, Rusiya və Ermənistan üzərlərinə müəyyən öhdəliklər götürüb. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ancaq Ermənistan və Rusiya tərəfi bu öhdəliklərin bir çox bəndlərini yerinə yetirmir. Bəyannamənin 4-cü bəndində birmənalı olaraq göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. İndi sual olunur: 2 ilə yaxın bir müddət ərzində Rusiya "sülhməramlıları" erməni hərbi birləşmələrini Qarabağ ərazisindən nədən çıxarmayıb? Bax bu sual indiyədək açıq qalır. Qarşıdakı nəzərdə tutulmuş görüşlərdə bu sualın cavabına aydınlıq gətirilməlidir. Əks halda Azərbaycan Ordusu antiterror əməliyyatları keçirməklə erməni silahlı birləşmələrini Qarabağ ərazisindən təmizləməlidir. Rusiya və Ermənistan tərəfi erməni silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarmasa Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Paşinyan yersiz təhriflər etməklə prosesi yubadır. Rusiyanın qətiyyət göstərməməsi ermənilərin həyasızlığına birbaşa rəvac verir”.
Bu baxımdan sədr müavini hesab edir ki, uyğun məqamda Azərbaycan güc tətbiq etməlidir.
Vidadi ORDAHALLI