Delyagin soyadlı Rusiya Duması deputatının Azərbaycanı hədələməsi ilə bağlı qalmaqal səngiməmiş daha bir deputat Azərbaycanı raket zərbəsi ilə təhdid etməyə başlayıb. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib. Yerli mediaya müsahibəsində o, hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib:
“Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibre” və “İsgəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlət sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.
Qeyd edək ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb.
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə hədələrin intensiv hal alması təsadüf deyil: “ Bundan əvvəl biz öyrənmişdik ki, adətən belə sərsəm fikirlər Jirinovskinin dilindən səslənirdi. Yəni Rusiya rəsmi şəkildə ifadə edə bilmədiyi bəyanatları onun vasitəsilə cəmiyyətə çatdırırdı. Görünür, Rusiya yeni jirinovskilər ortaya çıxarıb. Delyaginə Azərbaycan cinayət işi açdı. İndi də başqası ortaya atılıb. Əvvəla, Rusiya bu cür deputatların fikri ilə hansısa ölkəyə raket atmayacaq. İkincisi, həmin raketləri atmağın hansı nəticələrə səbəb ola biləcəyini rus deputatlar yaxşı götür-qoy etməlidir. Görünür, müharibə Rusiyanın hakim dairələrində ciddi çatlar yaradıb. Hakimiyyətdaxili qruplardan bəziləri Rusiya ilə bizim münasibətləri korlamaq istəyir. Təsadüfi deyil ki, bizi Yaponiya ilə eyni qaydada hədələyirlər. Yaponiya konkret olaraq Rusiyaya ərazi iddiaları irəli sürür və Kuril adalarını geri tələb edir. Biz isə Rusiya ilə müttəfiqlik sazişi imzalamışıq. Təbiidir ki, Rusiyanın rəsmi münasibıti bizə fərqli olmalıdır. Azərbaycan heç vaxt Rusiyanı təhdid etməyib. Biz ünvanımıza atılan böhtanlara cavab vermişik. Bir də ünvanımıza səslənən hədələrlə bağlı hüquqi addımlar atmışıq. Bu deputatla da bağlı sərt qərar qəbul etməliyik”.
Məhəmmədəli QƏRİBLİ