Gürcüstan Rusiyaya tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub. Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib:
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir”.
Bunun atdınca Gürcüstanın Cənubi Osetiya bölgəsi Rusiyaya birləşəcəyini elan edib və bunun üçün referendum keçiriləcəyi açıqlanıb. Artıq referendumun təxmini vaxtı da məlumdur və separatçılar əllərində Rusiya bayraqları ilə Sxinvali küçələrinə çıxaraq “rus dünyasına qovuşmaq” xəbərlərini bayram edirlər. 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilənin və 5 gün davam edən müharibənin ardınca Rusiya separatçı Cənubi Osetiya regionunu “müstəqil respublika” kimi tanıyıb. Və orada özünün hərbi bazasını yerləşdirib. Marionet rejimin rəhbəri, özünü “Cənubi Osetiya prezidenti” adlandıran Anatoli Bibilov Rusiyaya birləşmək qərarını martın 30-da açıqlayıb. O bildirib ki, yaxın zamanlarda Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması üçün hüquqi addımlar atılacaq.
Hər iki ölkə Azərbaycanla qonşudur və birbaşa sərhədlərə malikdir. Təbiidir ki, baş verənlər onların arasındakı münasibətləri gərginləşdirəcək. Bu hadisələrin Azərbaycana nə kimi təsiri olacaq?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, postsovet ölkələrində olan separatçı ocaqların fəallaşmasının heç birinə fərdi baxmaq lazım deyil: “ Bunların hamısı vahid mərkəzdən idarə olunur. Hər birində fərqli fəallaşma prosesi gedir. Rusiya Ukraynanın şərqində separatçıların müstəqilliyini tanıdıqdan sonra proses daha aktiv fazaya girib. Rusiyaya birləşmənin hüquqi prosedurları ilə bağlı atılan addımlar digərlərində də olacaq. Bu hadisələrin hər biri Ukraynadakı proseslərin nəticəsindən asılıdır. Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulandan sonra bu addımın atılması təsadüfi deyil. Son günlər biz Qarabağda da separatçıların fəallaşdığını görürük. Rusiyanın özündən də Azərbaycana yönəlik bir əks-təbliğat var. Rus siyasətçilər açıq mətnlə bizi hədələməyə başlayıblar. Uzun illərdən bəri ilk dəfədir ki, Rusiya belə dalana dirənib. Buna görə də sərt davranışlar ortaya qoyurlar. Azərbaycanın təhlükəsizliyi ilə bağlı Qərbin də narahatlığı hiss edilir. Britaniya yüksək rəsmisinin Bakıya reallaşan son səfərini də bu qəbildən qiymətləndirə bilərik. Təbiidir ki, sərhədlərimizə yaxın ərazidə gərginlik bizə sərf etmir. Ancaq hesab etirəm ki, Azərbaycan bütün risqlərdən qoruna biləcəyi balanslı siyasət həyata keçirir”.
Məhəmmədəli QƏRİBLİ