Avropa İttifaqı martın 31-də Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib. Bu barədə Aİ-nin saytında xəbər verilir. Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.
Xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.
Hikmət Hacıyev və Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçiriblər. Belə ki, ölkə liderlərinin növbəti həftələrdə yenidən görüşü barədə razılığa gəlinib. Aprelin 6-da keçiriləcək görüşdə əvvəl qaldırılan məsələlərlə yanaşı, sülh sazişinin perspektivləri ilə bağlı müzakirələr davam etdiriləcək. Bu görüşfən nəsə gözləmək olarmı?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, indiyə qədər bütün proseslərə tam nəzarət edən Rusiya olub: “ Həmin ölkə də proseslərə obyektiv yanaşmırdı. Hər bir yanaşmada öz mənafeyini daha önə çəkirdi. Mən bununla heç də Qərbin rolunu şişirtmək istəmirəm. Balans olmadığı üçün bizim Rusiyaya hər hansı etirazımız çətin başa gəlirdi. Ancaq Avropanın aktivliyi nəticəsində bizim proseslərə etiraz etmək haqqımız olacaq. Artıq qondarma “Dağlıq Qarabağ” problemi yekunlaşıb və aradan çıxır. Bundan sonra gündəmdə olan məsələ Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsidir. Avropa istəyir ki, proseslər sürətlənsin, iki ölkə arasında sərhədlər tam müəyyənləşsin, kommunikasiyalar bərpa edilsin və nəticədə sülh müqaviləsi imzalansın. Məqsəd Rusiyanın prosesə təsirini tam neytrallaşdırmaqdır. Ümidvaram ki, bu danışıqda Qarabağla bağlı ciddi qərar ortaya çıxmayacaq. Bizə sərf etməyən hər hansı təklifə Azərbaycan Prezidenti yerindəcə yox deyəcək”.
Məhəmmədəli QƏRİBLİ