Azərbaycandakı rus icması Qarabağ regionundakı vəziyyətlə bağlı müraciət yayıb. Müraciətdə qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində törətdiyi təxribat pislənib.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın etnik rus əhalisi Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına, müdafiə qabiliyyətinin artırılmasına və beynəlxalq sülhə yönəlmiş siyasətini dəstəkləyir. 44 günlük Vətən müharibəasində bütün millətlərdən olan Azərbaycan əhalisi, o cümlədən ruslar vahid “dəmir yumruq”la düşməni darmadağın etdi.
Rus icması bildirir ki, 10 noyabrda üçtərəfli sazişin imzalanmasından dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı, Ermənistana da bütün kommunikasiyaların açılmasını təklif edib. Bununla belə, rus icması bəzi həll olunmayan məsələlərin regiona təhlükə yaradacağından narahatdır: “Üçtərəfli sazişin 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının yerləşdirilməsi Azərbaycan ərazisindən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel aparılmalıdır. Təəssüf ki, bu bənd hələ icra olunmayıb. Bu səbəbdən qanunsuz erməni silahlı birləşmələri cinayətkar əməllərini davam etdirirlər”. Azərbaycandakı rus icması üçtərəfli sazişin bütün bəndlərinin icra edilməsinə və Rusiyanı qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmağa çağırır.
Uzun müddət Rusiyada yaşamış Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycandakı rus icmasının bu addımı çox təqdirəlayiqdir: “Əslində hər bir Azərbaycan vətəndaşı bu mövqeni bölüşməlidir. Rus icmasında təmsil olunanlar da ölkəmizin vətəndaşlarıdır. Hesab edirəm ki, icmanın məhz indiki məqamda belə bir bəyanat verməsi təsadüfi deyil. Çünki Rusiyanın son davranışları Azərbaycan cəmiyyətində haqlı narazlıq yaradıb. Ölkəmizdə istənilən millətə normal münasibət var. Bəzi dairələr Rusiyaya olan münasibətlərdən siyasi spekulyasiyalar etməyə də cəhdlər edir. Bu baxımdan, belə bir bəyanat həm də rus əsilli vətəndaşlarımıza olan normal münasibətin zədələnməsinə imkan verməyəcək. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə çoxlu sayda rus əsilli vətəndaşımız da həyatını qurban verdi. Bununla bir daha sübut olundu ki, Azərbaycan həm də ərazisində yaşayan bütün etnik azlıqların vətənidir. Hesab edirəm ki, bu bəyanatdan ən doğru nəticəni Rusiyanın hakim dairələri və sülhməramlı kontingenti çıxarmalıdır”.
Məhəmmədəli QƏRİBLİ