Rusiya, Ermənistanın informasiya vasitələri Fərrux kəndi və yüksəkliyilə bağlı cərəyan edən hadisələr konteksində belə bir məlumat yayırlar ki, guya mart ayının 26-da Dağlıq Qarabağda hərbi vəziyyət elan olunub. Bu, Rusiyanın rəsmi kanallarında açıq şəkildə səsləndirilir.
Ancaq məsələ ondadır ki, məlum deyil sözügedən hərbi vəziyyəti kim elan edib. Əgər Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti bunu elan edibsə, o zaman niyə rəsmi şəkildə bəyan etmir? Yox, əgər bunu Qarabağdakı separatçıların qondarma “hakimiyyət nümayəndələri” elan edibsə, o zaman bunu niyə açıq demirlər? Ümumiyyətlə, sülhməramlıların yerləşdiyi ərazinin məsuliyyət zonasında hərbi vəziyyət elan etmək səlahiyyəti kimə məxsusdur? Kimin buna ixtiyarı var və Azərbaycandan xəbərsiz hansı tərəf burada hərbi vəziyyət elan edə bilər? Əgər bunu sülhməramlılar elan edibsə, o zaman niyə açıq şəkildə demirlər ki, sülməramlıların komandanlığı hərbi vəziyyət elan edib?
“Rusiya bilərəkdən bu kimi informasıyaları yaymaqla, bir növ separatçıları “legitim” tərəf kimi təqdim edir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Rusiya sözügedən məsələdə açıq və beynəlxalq hüquqa zidd oyun oynayır: “Qarabağda hərbi vəziyyəti separatçılar elan edib. Öz aləmlərində separatçıların qondarma “qurumu” hərbi vəziyyət elan edib. Rusiya tərəfi bilərəkdən bu kimi informasıyaları yaymaqla, bir növ separatçıları “legitim” tərəf kimi təqdim edir. Məgər Rusiya rəsmi qurumlarının belə yanlışlıqları birici dəfədir baş verir? Əlbəttə ki, yox. Dəfələrlə Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumları “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ ordusu” ifadələrini işlədib. Onlar çox yaxşı bilirlər ki, bu, beynəlxalq hüquqa ziddir. Qarabağ dünyada Azərbaycanın bir hissəsi kimi tanınır. Sadəcə, Moskva məqsədyönlü şəkildə belə addımlar atır ki, erməni separatçıları sıradan çıxmasın. Nə olsun ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Nə olsun ki, fevralın 22-də iki ölkə arasında müttəfiqlik sazişi imzalanıb. Kreml üçün bu kimi məsələlərin, yəni hüquqi öhdəliklərin elə bir əhəmiyyəti yoxdur. Zatən bu, təkcə Azərbaycana münasibətdə özünü göstərmir. Bütün ölkələrə münasibətdə özünü göstərir. 1994-cü ildə Ukraynanın nüvə silahından imtina etməsi müqabilində bir neçə ölkə, o cümlədən Rusiya ölkənin ərazi bötövlüyünə, təhlükəsizliyinə zəmanət verdi. Ancaq Rusiya 2014-cü ildə Kırımı ilhaq etdi. Ondan sonrakı proseslər də məlumdur. O üzdən, Rusiyaya etibar etmək olmaz. Hüquqi baxımdan nə sülhməramlılar, nə də separatçıların Qarabağda hərbi vəziyyət elan etmək səlahiyyəti var. Bu, Azərbaycana məxsus olan səlahiyyətdir”.
Bu baxımdan partiya sədri hesab edir ki, Rusiya tərəfi yanlış informasiya siyasətinə son qoymalı və sülhməramlı missiyanı həyata keçirən tərəf olaraq öhdəliklərinə əməl etməlidir.
Vidadi ORDAHALLI