Ermənistanda Təhülkəsizlik Şurasının iclası keçirilib. İclasda baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan iştirak edib. Toplantıda rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib. Bununla belə, Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağda yeni əməliyyatlara başlaya biləcəyini istisna etməyib.
Elə həmin gün ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağdakı vəziyyəti müzakirə edib. Görüşdə ATƏT-in Minsk Qrupunun himayəsi altında Azərbaycanla sülh danışıqlarının aparılmasının zəruriliyi müzakirə olunub.
Görünən odur ki, Ermənistan tərəfi yenə oyun oynayır. Zatən hər zaman sülhlə bağlı oxşar formal fikirlər səsləndirirlər, amma bununla bağlı konkret praktiki addımlar atılmayıb. Əgər onlar sülh müqaviləsində səmimi olsaydılar, indiyə qədər müəyyən addımlar atardılar. Digər tərəfdən, hər dəfə sülh danışıqlarının Minsk Qrupu egidası altında aparılmasını təklif edirlər. Lakin Azərbaycan bunu qəbul etmir. Görünən odur ki, bütün bunlar ermənilərin növbəti hiyləgər gedişləridir. Bir tərəfdən beynəlxalq situasiyadan istifadə edib özlərini sülhə meylli qüvvə kimi təqdim etmək istəyirlər, o biri tərəfdən sülh sazişi imzalanması məsələsinə Minsk Qrupunu yenidən soxmaq istəyirlər. Hədəfləri əsasən budur. O üzdən, ermənilər hazırkı şəraitdə yarannmış vəziyyətdən yenə öz mənafelərinə uyğun istifadə edib sülh sazişi ilə bağlı danışıqları MQ-nin egidası altında həyata keçirmək istəyirlər.
“Onlar çalışır gedən proses çərçivəsində Qarabağla bağlı status məsləsini qabartsınlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanın keçirdiyi uğurlu Fərrux əməliyyatı və regionda apardığı siyasət Ermənistanı sülh çağırışları səsləndirməyə sövq edib. Ümumiyyətlə, Ermənistanın bu sülh çağırışları birinci dəfə deyil səslənir. Ancaq məsələ ondadır ki, onlar çalışır gedən proses çərçivəsində Qarabağla bağlı status məsləsini qabartsınlar. Ona görə də Minsk Qrupunun həmsədrlərini prosesə cəlb etməyə cəhd edirlər. Minsk Qrupunun fəaliyyətinə isə Azərbaycan ehtiyac duymur. O baxımdan hesab edirəm ki, hazırda Ermənistanın sülh təşəbbüsləri şübhəlidir. Bu kimi formal açıqlamalarla Ermənistan vaxt udmağa çalışır. Onlarda belə bir əminlik var ki, geosiyasi vəziyyət dəyişsə, guya bu, onların xeyrinə olacaq. Ümumilikdə, Azərbaycanın təqdim etdiyi beş maddəlik təkliflərini qəbul edərlərsə, o zaman İrəvanın obyektivliyinə inanmaq olar. İndidən Minsk Qrupunun rəsmisi regiona səfər edirsə, demək İrəvanın maraqları var burada. Bütövlükdə, Ermənistanla Azərbaycan arasında Qarabağ adlanan problem bitib. Ermənistan buna cəhd edirsə, demək Azərbaycanın daxili işinə qarışır. Minsk Qrupu və digər vasitəçilərin artıq daxili işimizə qarışmalarına imkan verməməliyik. Ermənistan sülh istəyirsə, bu iddialardan çəkilməlidir. Hazırda sülh Ermənistana çox lazımdır. Çünki iqtisadi blokadada qalıb”.
Bir sözlə, politoloq Ermənistanın sərgilədiyi mövqeyin vaxtı uzatmağa hesablandığını güman edir.
Vidadi ORDAHALLI