Siyasi analitiklər 2015-ci ildə dünyanın bir sıra bölgələrində müharibələrin alovlanacağı proqnozlarını verirlər. Amerikalı analitiklərin proqnozuna görə isə, növbəti il Qarabağ müharibəsinin alovlanacağı il ola bilər. Qərb ekspertlərinə görə, gələn il dünya üzrə alovlana biləcək potensial münaqişələr sırasında Qarabağ konflikti ön sıralardadır.
Üzümüzə gələn ildə Dağlıq Qarabağ problemi ətrafında hərbi əməliyyatlar bərpa oluna bilərmi?
Millət vəkili Zahid Orucun sözlərinə görə, bölgənin həyatını dərindən təhlil edən dairələr həqiqətən də regionda əsas münaqişə ocaqlarının hər an alovlana biləcəyini qeyd edirlər: "Məsələn, 2008-ci ildə gözlənilən idi ki, Rusiya və Gürcüstan arasında toqquşma baş verəcək. Gözlənilən toqquşma baş verdi. Mixeil Saakaşvilinin 2004-cü ildə hakimiyyətə gəlməsi inqilabi demokratiyanın sərhədlərini genişləndirmək siyasətini ortalığa çıxardı. Çünki Saakaşvilinin ifadə etdiyi beynəlxalq maraqlar Rusiyanın kursu ilə ziddiyyət təşkil edirdi. Necə ki, bu gün Ukraynada mənzərə eynidir. Beləliklə, biz ümumiyyətlə onu dəyərləndirməliyik ki, Qarabağ problemi 2015-ci ildə və yaxud gələcəkdə hansı şəraitdə təzədən müharibə fazasına daxil ola bilər?
Cavabı belə verə bilərik ki, birinci Qarabağ konflikti əslində SSRİ-nin dağılması üçün lazım oldu. İkinci Qarabağ savaşı isə ən azı Rusiyaya zərbə vurmaq üçün Qərbə lazım ola bilər. Bu qətiyyən Rusiyanı sülhpərvər təqdim etmək niyyətimizdən irəli gəlmir. Yəni sırf onların özlərinin mənafelərinin nədən ibarət olduğunu hesablayanda bu qənaətə gəlirik. Bir neçə cəbhədə vuruşmaq o qədər də əlverişli deyil. Onsuz da 2015-ci ilin əsas siyasi, hərbi, təhlükəsizlik həyatını yenə də Rusiya-Ukrayna, Rusiya-Qərb münasibətləri təşkil edəcək".