Azərbaycan Müdafiə Nazirliyinin öz mövqelərini tərk etməməsi barədə bəyanatı Rusiyada müəyyən dairələri bərk qıcıqlandırıb. Artıq dövlət telekanallarında belə, Azərbaycana yönəlik aqressiv xarakterli fikirlər səslənir.
Rusiyanın “Rossiya 1” dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib. Veriliş zamanı Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyagin Azərbaycanı “proksi dövlət” adlandırıb. Bununla yanaşı, o, ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atılmağını zəruri hesab edib. Deputat, hətta terror aktına da işarə edərək Azərbaycan neft sənayesinə hərbi zərbə endirilməsi ehtimalını dilə gətirib: “Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”.
Bu azmış kimi, Delyaginin sərsəmləməsini təsdiqləyən verilişin aparıcısı Olqa Skabeyeva da həyasızcasına Azərbaycana “çoxlu suallar”ın olacağını deyib.
“Bu kimi fikirlərin təhdid tərəfi var, amma...”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, bütün bunlar Rusiyadakı siyasi elitanın imperiya təfəkkürünü ortaya qoyur: “Bu o deməkdir ki, belələrinin şüurunda hələ də imperiya təfəkkürü var. Hələ də bunlar digər xalqlara yuxarıdan aşağı baxır və dünyanı zalımlıqla idarə etmək, əllərindən çıxan torpaqları işğal etmək istəyirlər. Təəssüf ki, mövcud rus elitası son dərəcə qaba təfəkkürə malikdir. Bunlar hesab edir ki, gücün varsa zordan istifadə edə bilərsən. Dövlət Duması deputat Mixail Delyaginin məlum açıqlaması ilə ölkə hakimiyyətinin əsl simasını ortaya qoydu. Onun neft kəmərlərinin vurulması ilə bağlı təhdidi əslində bir sıra məqamlara işarədir. Məsələ ondadır ki, illər əvvəl Xəzər dənizində neft buruqlarının birində partlayış baş verdi. Hələ o vaxt bunun Rusiya tərəfindən törədilməsi barədə şübhələr var idi. M. Delyagin məlum açıqlaması ilə bir növ göstərdi ki, Rusiya hələ də dövlət səviyyəsində terrorla məşğuldur. Yəni istəsə, boru kəmərlərinə qarşı terror aktı törədər. Bu isə o deməkdir ki, terrorçuları hansısa müsəlman ölkəsində deyil, Rusiyada axtarmaq lazımdır. Bütün bunlar Rusiyanın siyasi mahiyyətini açır. Bunlar digər xalqlarla dinc yanaşı yaşamaq mədəniyyətinə malik deyillər. Bu kimi fikirlərin təhdid tərəfi var, amma Azərbaycan öz ərazisini təhdidlərdən qorumaq gücünə malikdir”.
Vidadi ORDAHALLI