“Freedom House” təşkilatı dünya ölkələrində azadlıq vəziyyəti haqqında məruzəsini dərc edib. Məruzədə azadlıq səviyyəsi bir neçə parametr əsasında qiymətləndirilir: siyasi hüquqlar və mülki azadlıqlar; internetin azadlığı, demokratik idarəetmənin səviyyəsi.
Təşkilat Azərbaycanla bağlı növbəti dəfə həyasız mövqe ortaya qoyub. Birinci parametr üzrə Azərbaycan qeyri-azad ölkələr sırasına aid edilib. Bu bölmədə dünyanın 210 ölkəsində və ərazisində insanların siyasi hüquq və vətəndaş azadlıqlarından, səs vermək hüququndan fikri ifadə etmək azadlığına və qanun qarşısında bərabərliyə qədər fərdi azadlıqlardan istifadə etmək imkanı qiymətləndirilir.
Məruzənin heyrət doğuran tərəfi odur ki, ikinci bölmədə dünyanın 70 ölkəsində internet azadlığının səviyyəsi qiymətləndirilir. Burada da Azərbaycan qeyri-azad ölkələr arasındadır. Hesabatda qeyd edilir ki, Azərbaycanda internetin azadlığı pisləşib və dövlət əvvəlki kimi informasiya, kommunikasiya texnologiyaları sektoruna nəzarət edir. Bu qədər yox da. İnternetlə bağlı Azərbaycanda hansı məhdudiyyət var ki?
“Ölkədə internetə əlçatanlıq səviyyəsi kifayət qədər yüksəkdir”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, başda “Freedom House” olmaqla, insan haqlarının müdafiəsi ilə məşğul olan bir sıra təşkilatlar bilərəkdən Azərbaycanın hissləri ilə oynayır: “Zatən “Freedom House”un Azərbaycanla bağlı qərəzli yanaşmaları yeni deyil. Yəni bilə-bilə həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Təəssüflər olsun, hər dəfə Azərbaycana yonəlik qərəzli münasibətlərini elə formada təqdim edirlər ki, buna təəccüblənməyə bilmirsən. Mətbuat azadlığı ilə bağlı hər zaman indeksi elə qururlar ki, Azərbaycan ən aşağı yerdə qərar tutsun. Şüurlu şəkildə Azərbaycanı Afrikanın ən geridə qalmış ölkəsi ilə eyni sıraya qoyurlar. Halbuki, elə sahələr var, orada vəziyyət daha yaxşı olduğu halda bunu görməzsən gəlirlər. Azərbaycanda internetə əlçatanlıq səviyyəsi kifayət qədər yüksəkdir. Belə olan halda hansı əsasla deyirlər ki, Azərbaycanda internet azadlığının səviyyəsi aşağıdır? Azərbaycan o ölkələrdəndir ki, kosmosda süni peyki var. Dünyada az sayda ölkələr var ki, belə imkana sahibdir. Azərbaycanda internetlə bağlı hansısa süni məhdudiyyət yoxdur. Kim istəyir, internetdə öz fikirlərini ifadə edir. Ən ucqar kəndlərdə belə, internet təminatı mövcuddur. O üzdən hesab edirəm ki, sözügedən hesabat Azərbaycanı qaralamaq məqsədilə ortaya atılıb”.
Media eksperti onu da əlavə etdi ki, belə qaralama kampaniyası bundan sonra da özünü göstərəcək.
Vidadi ORDAHALLI