Başa çatmaqda olan 2014-cü ili xarakterizə edən əsas məqamlardan biri də Qərb və Rusiya arasında yaşanan böyük qarşıdurma oldu. Proseslərin gedişi gələn il ərzində də tərəflər arasında Ukraynaya görə yaranan gərginliyin davam edəcəyini göstərir.
Məsələnin maraq doğuran tərəflərindən biri isə baş verənlər fonunda iqtisadiyyatı ciddi zərər görən Rusiyanın Qərbə qarşı güc nümayişinə getdikcə daha çox üstünlük verməsidir. Təkcə Avropa yox, ABŞ da bu prosesdən narahatlığını bildirir. Belə bir vaxtda isə məşhur "Daily Express" qəzeti maraqlı açıqlama ilə çıxış edərək bildirib ki, Rusiya özünün bombardmançı "Su-24" təyyarələrini Argentinaya göndərmək niyyətindədir. Qəzet Böyük Britaniyanın artıq Moskvanın fəaliyyətindən narazı olduğunu bildirib: "Bu, Argentinanın hərbi potensialında radikal dəyişikliklərə səbəb ola bilər. Xüsusilə London bəyan edib ki, rus təyyarələri Buenos-Airesə britaniyalıların "Queen Elizabeth" təyyarə daşıyan gəmisindən daha tez çatacaq. Bu isə, öz növbəsində, Britaniyanın Folklend adalarındakı fəaliyyətini zəiflədəcək". Qeyd edək ki, bir müddət öncə Argentina Rusiya hərbi bazalarını öz ərazilərində görmək istədiyini bildirmişdi. Onu da xatırladaq ki, Argentina ilə Böyük Britaniya arasında Folklend adaları üzərində mübahisə 1982-ci ildən bu yana davam edir. Rusiya hərbi təyyarələrinin Argentinaya göndərilməsi İngiltərə ilə yanaşı, ABŞ-ı da ciddi narahat edir. Çünki bu hal Rusiya hərbi qüvvələrinin Amerika sərhədlərinə daha çox yaxınlaşması deməkdir.
Eyni zamanda, Avropa sərhədləri yaxınlığında da rusların güc nümayişi davam edir. Elə bu günlərdə Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində qoşunların hərbi hazırlığının yoxlanması çərçivəsində hərbi təlimlər keçirib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolovun sözlərinə görə, təlimlər Qərb Hərbi Dairəsinin qoşunlarının hərbi hazırlığının yoxlanması və regionun təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilib. Təlimlərə 9 min nəfərlik şəxsi heyət, eləcə də 642 hərbi texnika cəlb olunub. Bundan başqa, ayrı-ayrı qoşunların birləşmə, hissə və bölükləri, döyüş və hərbi-nəqliyyat təyyarə və helikopterlərinin ekipajları, Baltik Donanmasının gəmiləri təlimlərdə iştirak edib.
Litva Prezidenti Dalya Qribauskayte isə hesab edir ki, Rusiyanın təxribatı güc yox, sərsəmlik nümayiş etdirir. O, Rusiya təyyarələrinin uçuşunun məsuliyyətsiz davranış olduğunu bildirib: "Rusiya Federasiyasının aviasiyası havada qəzaya səbəb ola bilər. Ümumiyyətlə, onun bu hərəkəti gücün nümayişi deyil. Bu, sərsəmliyin, məsuliyyətsiz davranışın nümayişidir". Polşanın müdafiə naziri Tomaş Semonyak da qeyd edir ki, ölkəsi və bütünlükdə NATO "Rusiya Federasiyasının hərbi təyyarələrinin Baltik dənizində fəaliyyətinin aktivliyi ilə bağlı narahatdır. Tomaş Semonyak NATO-nun bu məsələyə cavab tədbiri görəcəyini bildirib: "Son bir neçə gün biz Kalininqradda olan Rusiya Federasiyası aviasiyasının Baltik dənizi regionunda yüksək fəaliyyətini müşahidə edirik. Bu bizi çox narahat edir. NATO cavab tədbirinə hazırlaşır".
Bu günlərdə isə NATO-nun Avropadakı qüvvələrinin komandanı, amerikalı general Filip Bridlav Rusiya strateji bombardmançılarının Avropa hava məkanında intensiv xarakter almış uçuşlarına dair sərt mövqe nümayiş etdirib. F.Bridlavın sözlərinə görə, Rusiya aviasiyası təxribatçı marşrutlar seçir: "Olduqca mühümdür ki, əvvəllər belə uçuşlar kiçik qruplar halında, bəzən bir-iki təyyarənin iştirakı ilə həyata keçirilirdi. Ötən həftə bizim müşahidə etdiyimiz isə tamamilə fərqlidir. Bu dəfə ruslar bütöv təyyarə qruplaşmaları ilə uçuşlar həyata keçirir, Avropa hava məkanının çox dərinliklərinə girir və daha təxribatçı marşrutlar seçir". General qeyd edib ki, bu cür güc nümayişi Avropada sabitliyə və təhlükəsizliyə heç cür kömək etmir. Xatırladaq ki, bundan əvvəl Rusiyanın strateji nüvə bombardmançısı "Tu-95" təyyarələri qırıcıların və yanacaqdolduranların müşayiəti ilə NATO ölkələrinin hava məkanları yaxınlığında müntəzəm uçuşlar həyata keçirib. Təyyarələr Portuqaliya, İspaniya, Norveç, Britaniya hava sərhədlərinə yaxınlaşıb. Hər dəfə NATO qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb. Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, Rusiya bu istiqamətdə fəaliyyətini davam etdirir.