Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sessiyası keçirilib. Partiyadan verilən məlumata görə, sessiyada KXCP-nin növbəti qurultayının keçirilməsi qərara alınıb və 15 nəfərlik təşkilat komitəsi yaradılıb.
Bununla yanaşı, sessiyada ölkədəki ictimai-siyasi durum, həmçinin sonuncu bələdiyyə seçkilərinin nəticələri müzakirə olunub.
Onu da qeyd edək ki, əsası 2000-ci ildə qoyulan Klassik Xalq Cəbhəsi Partiyasının əvvəlki - II qurultayı 2011-ci ildə keçirilib. Partiyaya Mirmahmud Mirəlioğlu rəhbərlik edir.
Son vaxtlar uzun illərdir siyasi səhnədə olan bəzi partiyalarda müəyyən dəyişikliklər olur. Dəyişikliklər ondan ibarətdir ki, partiyaya uzun illər rəhbərlik edən şəxslər postlarını digərlərinə təhvil verir. Azərbaycanda ilk dəfə bu addımı AMİP-in sədri atıb. Belə ki, partiya yarandığı vaxtdan ona sədrlik edən Etibar Məmmədov 2004-cü ilin sonunda bu postdan getdi. O cümlədən, 22 il Müsavat Partiyasına başqanlıq edən İsa Qəmbər 3 ay əvvəl keçirilən qurultayda namizədliyini vermədi.
Maraqlıdır, analoji dəyişiklik KXCP-nin qurultayında da ola bilərmi? Mirmahmud Mirəlioğlu sədrliyə namizədliyini irəli sürəcəkmi?