Rusiyanın media-informasiya məkanını idarə edənlər həqiqətlərin lap üzdən deyilmiş kiçik bir hissəsinə də dözmədilər. Azərbaycanın bəzi rusdilli media qurumlarına Rusiya internet məkanında girişi blokladılar.
Azərbaycan mediası nə yazdı ki? Böhtan atılmadı, qərəzə yol verilmədi, saxtakarlıq edilmədi, rus siyasi elitası aşağılanmadı. Sadəcə deyildi ki, Rusiya Ukraynaya təcavüz etdi, etməməli idi. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli idi, edilmədi. Qarabağda, Abxaziyada, Osetiyada, Dnestryanıda separatizm ocaqları yaratmaq yetər idi, Ukraynada yenilərini yaratmağa lüzum yox idi, ancaq Kreml bütün bunlara getdi. Məhz bu sadə həqiqətləri yazdığı üçün Azərbaycan mediasından qisas alındı. Özü də Rusiyanın siyasi dövlət elitası tərəfindən... Bəs biz Azərbaycan olaraq rus mediasının düz 30 illik şüurlu idarə edilən, maliyyələşdirilən şər-böhtanına necə dözdük? Bircə rus mediasının burnu qanadılmadı. Azərbaycan xalqını yer-göy rəngi tanımayan ağ yalan və böhtanlarla yandırıb yaxdılar. Babasının ulu babasını Qarabağda dəfn etmiş qarabağlıya 30 il insaf-mürvət tanımadan "oturduğun torpaq erməniyə məxsusdur" demək zülm deyidimi? Zatulinlər qondarma erməni genosidi barədə hətta rus dövlət medialarında nağıllar danışanda bunlara dözmək asan idimi? Solovyov, Popov, Jirinovski kimi muzdlu erməni bayquşları dövlətimizin simvollarını, tarixini, dəyərlərini, hətta prezidentini hədyanların hədəfi edəndə bizlər bu bayquşların dilini elə məhz azad medianın imkanları ilə bağlamağa çalışdıq, daha “Sputnik”, “Komersant”, “Reqnum” kimi böhtan-təhqir ruporlarını bağlamaq yolu tutmadıq. Çünki ilk əvvəl özümüzə, xaqımıza inanaraq güvəndik ki, hər kəs onların böhtançı erməni quyruqları olduqlarını başa düşür. Doğurdan da, Solovyovun, Popovun, Simonyanın hərcayı çıxışları Azərbaycanda ictimai-siyasi fikrə heç bir təsir göstərə bilmədi. Ancaq Azərbaycan Rusiya hakimiyyətindən fərqli olaraq tək-tək yaramaz subyektlərə görə, azad medianı cəzalandırmaq yolu ilə getmədi. Bu gün rus hökuməti acı həqiqətləri deyən rusdilli Azərbaycan mediasını blok edirsə, demək, bizlər düz onluqdan vurmuşuq, demək Azərbaycanda yazılan Ukrayna həqiqətlərinin "rus mujikinin" ədalət duyğularına daha müsbət təsir gücü Kremldə kimlərinsə yuxusunu qaçırır. Belə olmasaydı, mediadan qisas almazdılar.
44 günlük müharibə günlərində rus mediası Azərbaycanı böhtanlara hədəf edən nə qədər sayda erməniyə qucaq açaraq tribuna verdi?! Sayı hesabı yoxdur. Ancaq bu gün Rusiyanın Ukrayna siyasətini obyektiv təhlil edən Azərbaycan mediası rus düşməni olan bircə ingilisə, fransıza, almana, polyaka bu məsələdə meydan vermir, hər nə deyiriksə, təmiz qanlı azərbaycanlılar olaraq özümüz deyirik. Çünki davamlı dostluğa da, davamlı düşmənçiliyə də sadiqik...
Ancaq hər şeyin həddi var, olmalıdır. Rusiya media məkanını idarə edənlərə hədlərini göstərmək lazımdır...
Aydın QULİYEV