Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirir.
Nazirliyin yaydığı açıqlamada deyilir ki, martın 25-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb: “Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır”. Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”.
Çox maraqlıdır, Rusiyanın rəsmi qurumları Azərbaycanda ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” terminini işlətməkdə niyə maraqlıdırlar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Rusiyaya reallaşdırılan son səfərindən bir daha məlum oldu ki, yaranmış yeni reallıqla bağlı iki dövlətin mövqeyi üst-üstə düşür: “ Ancaq hazırda biz tam fərqli mənzərəyə şahidlik edirik. Rusiya tərəfinin əsassız bəyanatlar səsləndirməsi, təxribatlar törətməsi qəbuledilməzdir. Bu bəyanatların, bu təxribatların, illər ərzində yalan tarix uydurmağın, boş xəyallarla yaşamağın nəticəsi onlara 44 günlük müharibədə yaxşı izah edildi. Torpaqlarını azad edən Azərbaycan dövləti indi də ərazi bütövlüyünü müdafiə etməyə, eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etməyə qadirdir.
Tarixdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub, ərazisi yox. İllər ərzində Azərbaycan xalqının maraqlarını rəhbər tutan cənab Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə prinsipiallıq, qəti mövqe nümayiş etdirib, beynəlxalq kürsülərdən də bu münaqişəni məhz bu cür, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi dünyanın nəzərinə çatdırıb. Nə o münaqişə var, nə də status. “Dağlıq Qarabağ” adlı ərazi vahidi də yoxdur. İndi Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası mövcuddur.
Aİ Şurasının prezidenti kimi böyük Avropa adından çıxış edən Şarl Mişel də “status” və “Dağlıq Qarabağ” sözlərini işlətmədi.
O ki qaldı xəyallara və illüziyalara, burada isə onu deməliyik ki, 25 min insan üçün status yaratmaq xəyalındansa, getsinlər 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Dövlətimiz tərəfindən Qarabağda çevik şəkildə görülən işləri xalqımız da təqdir edir. Bu ifadəni işlədənlər ermənilər üçün “status” məsələsinin hələ də gündəmdə olduğunu demək istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ