ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Calina Porter KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ermənilərin mövqeyini müdafiə edən fikirlər səsləndirib.
Maraqlıdır ki, bu məsələdə hazırda Ukraynada baş verən hadisələrlə bağlı bir-birilə düşmən mövqedə olan Rusiya, Fransa və ABŞ-ın mövqeləri tam üst-üstə düşür. Azərbaycan tərəfi səslənən hər bir fikrə rəsmi etiraz mövqeyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib: “Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb. Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir".
Maraqlıdır, hazırda düşmən mövqedə olan üç ölkə Qarabağdakı erməni separatizminə münasibətdə vahid mövqe sərgiləməklə Ermənistana dəstək ifadə edirlər. Bu necə başa düşülə bilər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, birincisi, hər üç ölkə Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını anlamalıdır: “Dağlıq Qarabağ” SSRİ dövründə siyasi məqsədlərlə rəsmi leksikona gətirilmiş ifadədir və onun siyasi, tarixi və hüquqi baxımdan heç bir əsası yoxdur. Ermənistan-Azərbaycan münaqişəsi də artıq həll edilib. Təmas xətti və s. kimi fikir işlədənlər bununla münaqişənin həll olunmadığı görüntüsü yaratmağa çalışırlar. ABŞ Dövlət Departamenti, Fransanın səfiri dayanmadan təkrarlayır ki, “Dağlıq Qarabağ” münaqişəsi həll olunmayıb. Bu, Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdi olsa da, diqqəti çəkən başqa məqam var. Daha öncə də ABŞ səfirinin Şuşaya getməmək qərarı Rusiya səfirinin qərarı ilə üst-üstə düşmüşdü və hər ikisi Şuşaya getməkdən imtina etmişdi.
ABŞ səfirinin ölkəsinin qlobal konfrontasiyada olduğu Rusiyanın səfiri ilə bu “kollegial” qərarının əsasında nə dururdu? Hər üç ölkə Minsk Qrupunun üzvüdür. 30 ilə yaxın dövrdə ATƏT MQ-nin əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi iflasa uğrayıb. Buna görə də, beynəlxalq hüquqla tanınmış Azərbaycan ərazilərində ölkə Konstitusiyası və qanunları əsasında atdığımız addımlara hər hansı üçüncü tərəfin Azərbaycanın suveren əraziləri barədə hökm vermək cəhdi daxili məsələlərə qarışmaq kimi qiymətləndirilməlidir.
Rusiya sülhməramlıları ölkəsinin imza atdığı 10 noyabr razılaşmasını 4-cü bəndinə əməl etməməklə razəlaşmanı şübhə altına alır və hətta razılaşmaya zidd fikirlər səsləndirir. Amma burda yenə sual yaranır: ABŞ Dövlət Departamentinin və Fransanın ölkəsinin qlobal konfrontasiyada olduğu Rusiya sülhməramlıları ilə bu “kollegial” qərarının əsasında nə durur? Fikirimcə, bu sualın cavabı məlumdur: xristian təəssübkeşliyindən doğan ikili standart”.
Məhəmmədəli QƏRİBLİ