Dünya Azərbaycanlılarının həmrəylik Gününün qeyd edilməsi eyni zamanda hesabat xarakteri daşıyır. Biz buna təsadüfən bu qədər böyük önəm vermirik. Biz bütün dünyada yaşayan azərbaycanlıların vahid dövləti sayılan Azərbaycanın vətəndaşlarıyıq. Diaspor quruculuğuna Azərbaycan dövləti böyük önəm verir. Hətta Azərbaycan hakimiyyəti bu istiqamətdə miqyasın bir qədər də genişlənməsində maraqlı olduğunu bir müddət əvvəl ən yuxarı səviyyədə qeyd etmişdi. Azərbaycan dövlətinin başçısı dünya azərbaycanlılarının sonuncu qurultayında belə bir fikir bildirmişdi: "Çalışmalıyıq ki, bir millətin bir diasporu olsun".
Artıq proseslərin İlham Əliyevin istədiyi məcrada davam etdiyini görürük. Bu günlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verdiyi müsahibədə bu mövzuya toxunub:"Bilirsiniz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması azərbaycançılıq ideyasının təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, təşkilatlanması məqsədinə xidmət edir.
Diaspor quruculuğu üçün qısa müddət hesab edilən ötən dövr ərzində biz dünyadakı azərbaycanlıların birliyini təmin edə bilmişik və qarşımıza qoyulan ilkin məqsədlərə çatmışıq. Üstəlik, deyim ki, Azərbaycan diasporunun təşkilatlanması işini başa vurmaqla bərabər türkdilli xalqların diasporları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına nail ola bilmişik".
Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli "Bakı-Xəbər"ə açıqlamasında dünyadakı türkdilli ölkələrin diasporları arasında sıx inteqrasiyanın yarandığını bildirdi. Müsahibimizin sözlərinə görə, bu proses İlham Əliyevin sonuncu qurultayda onların qarşısına qoyduğu məqsəd və vəzifələrdən sonra daha da sürətlənib: "Bizim müstəqilliyimizin tarixi o qədər də böyük deyil. Məlum olduğu kimi, diaspor quruculuğuna biz müstəqillikdən sonra start vermişik. Ancaq etiraf edim ki, böyük uğurlara imza atmışıq. Bir neçə il bundan əvvəl biz xarici ölkələrdə tədbir keçirməyə adam tapa bilmirdiksə, hazırda vəziyyət çox ürəkaçandır. Hətta bəzi istiqamətlər üzrə ölkəmiz min illərlə dövlətçilik təcrübəsi olan Türkiyəni də geridə qoyur. Türkdilli dövlətlərin xaricdəki diasporları arasında böyük yaxınlaşma var. Mən bunu xaricdəki tədbirlərdə qazandığım təcrübəyə əsaslanaraq deyirəm. Şüarımızın bir tərəfindən azəri türkü yapışırsa, digər tərəfdən osmanlı, qırğız, türkmən türkü tutur. Bu bir daha sübut edir ki, diaspor quruculuğu işi də İlham Əliyevin qoyduğu proqram əsasında davam edir".