Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkən şirkətlərdən biri də həmyerlimiz Vahid Ələkbərovun rəhbəri oluğu "LUKoil" şirkətidir. Xüsusən də neftin qiymətinin aşağı olması "LUKoil"ə də getdikcə böyük problem yaradır. "LUKoil" rəhbəri Vahid Ələkbərov isə iddia edir ki, gələn il neftin bir barreli üçün qiymət 70-80 dollar ola bilər.
Qeyd edək ki, "LUKoil" şirkəti 2015-ci ilin büdcəsini pessimist ssenariyə əsaslanaraq neftin bir barrelinin qiymətini 70 dollardan hesablayıb. Lakin neftin bundan aşağı həddə düşməsi "LUKoil" üçün ciddi problemlər yaradır. Vahid Ələkbərov qeyd edib ki, şirkətin büdcəsi iki variantda tərtib edilib. Biri pessimist ssenaridir və burada neftin bir barrelinin qiyməti 70 dollardan hesablanıb. Optimist ssenariyə görə neftin bir barrelinin orta qiyməti 2015-ci ildə 80 dollar olacaq: "Biz ümid edirik ki, 80 dollar ssenarisində şirkətin 1 milyard dollar məbləğində sərbəst pul vəsaiti olacaq". Optimallaşdırma çərçivəsində şirkət neft hasilatına təsir etməyən infrastruktur layihələrinə sərmayəni azaltmağı, xaricdə geoloji kəşfiyyatı məhdudlaşdırmağı və Qərbi Sibirdə qazmanı azaltmağı planlaşdırır. Ümimilikdə "LUKoil" şirkətinin 2015-ci ildə sərmayələri 2 milyard dollar azalaraq, 14 milyard dollar təşkil edəcək. Bununla belə, şirkət 2015-ci ildə Rusiyada 85 milyon ton, xaricdə isə 17 milyon ton neft hasil etməyi planlaşdırır. Bundan əlavə, "LUKoil" 2015-ci ildə İraqda "Qərbi Kurna-2" yatağında işlər üçün 5 milyard dollar həcmində kompensasiya almağı planlaşdırır.
Hələlik isə "LUKoil" rəhbəri ümidlərini OPEK-in fevral sessiyasında qəbul ediləcək qərarlara bağlayır. O bu qərarların qiymətlərin artımına kömək edəcəyinə ümidvar olduğunu bildirib: "Neftin qiymətinin düşməsi daha çox OPEK-lə bağlıdır. Onlar deyirdilər ki, guya qiymət 20 dollar olsa belə, hasilatı azaltmayacaqlar. Biz dəqiq bilmirik qiymət gələn il hansı səviyyədə tənzimlənəcək. Amma ümid edirik ki, neftin qiyməti 70-80 dollar miqdarında stabilləşəcək". "LUKoil" neft şirkətinin prezidenti qiymətlərin sabitləşməsi üçün Rusiyada neft hasilatının azaldılmasını da məqsədəuyğun hesab etmir. O, Rusiyanın neft hasilatını neft ixracatçısı olan başqa ölkələrlə əlaqələndirməsinin də əleyhinə çıxıb. Qeyd edək ki, Rusiya energetika naziri Aleksandr Novak hökumətin neft qiymətinin saxlanması üçün hasilatın azalması imkanına baxdığını bildirib. Qiymət səviyyəsinin saxlanması üçün neft hasilatının azaldılmasına qarşı çıxan OPEK-in qərarı isə həm Rusiyanı, həm də "LUKoil"u çətin vəziyyətdə qoyub. Burada "LUKoil" və digər Rusiya şirkətlərinə qarşı oyunlar olması da istisna deyil.
Analitiklər hesab edir ki, OPEK-in qərarından udanlar ilk növbədə başda Səudiyyə Ərəbistanı olmaqla Fars körfəzi ölkələridir. Bu ilin iyun ayından etibarən neftin 45 faiz ucuzlaşması qiymətlərin sərbəst formalaşmasına və Səudiyyə Krallığının bazarda payını saxlamağa imkan verir. Səudiyyə Ərəbistanında və digər körfəz ölkələrində neftin maya dəyəri cüzi olduğuna görə ucuzlaşma onlara ciddi təsir etmir. Bu ölkələrdə neft hətta bir neçə metr dərinlikdən çıxır və qiymət nə qədər aşağı ensə də, hasilatçı şirkətlər üçün biznes gəlirli olaraq qalacaq. ABŞ-a da neftin ucuzlaşması, şübhəsiz ki, iqtisadi baxımdan sərfəlidir. Bu, Birləşmiş Ştatların enerjiyə yönəldilən xərclərini xeyli azaldır. Amerikalı istehlakçılar da indi maşınlarına ucuz benzin töküb istədikləri qədər gəzə bilər. Həmçinin amerikalıların enerjiyə xərclədikləri pullar xeyli azalıb və bu da ölkədə iqtisadi inkişafa əlavə stimul verir. Lakin neftin ucuzlaşmasının Rusiyanı iqtisadi baxımdan sarsıtmaq planlarının bir hissəsi olduğu da sirr deyil. Çünki Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində ciddi iqtisadi itkilərlə üzləşən Rusiyada neftin kəskin ucuzlaşması iqtisadi kollapsa səbəb ola bilər. Rusiyanın 2015-ci il üçün dövlət büdcəsində neftin bir barreli 96 dollardan hesablanıb. Maliyyə Nazirliyinin rəsmiləri deyirlər ki, büdcə layihəsinə yenidən baxıb qiyməti 80 dollardan götürmək olar. Lakin Rusiya rəhbərliyinin qiymətin 80 dollar səviyyəsində qalacağına hələ də inanmasını izah etmək mümkün deyil. Rusiyanın Ehtiyat Fondunda cəmi 3,9 trilyon rubl var. İşlər bu cür getsə, Fonddan 500 milyard rubl xərcləmək lazım gələcək. Bundan əvvəl isə Maliyyə Nazirliyi 120 milyard rublluq antiböhran fondunu tükətməyə hazırlaşır. Nazirlik neftin ucuzlaşması nəticəsində gələn il büdcənin itkilərinin azı 1 trilyon rubl olacağını proqnozlaşdırır. Bu arada qeyd edək ki, "LUKoil" problemlərindən xilas üçün Milli Rifah Fonduna müraciət etməyi planlaşdırmır. Vahid Ələkbərov Milli Rifah Fondunun pullarının daha pis vəziyyətdə olan əhaliyə yönəldilməli olduğunu bildirib: "Biz hər zaman oyun qaydalarında stabillik olmasını arzulamışıq. Biz heç vaxt pul istəməmişik. Biz həmişə iş tələb etmişik". Qeyd edək ki, bir müddət öncə "LUKoil"un 4 layihəsini reallaşdırması üçün Milli Rifah Fondundan 250 milyard rubl tələb etməsi haqqında informasiya yayılmışdı.