İsa Qəmbər Müsavatdan getdiyini bəyan etsə də, partiya daxilində baş verən proseslərə öz kəskin münasibətini bildirməkdə davam edir. Təbiidir ki, bütün bunlar İsa Qəmbəri proseslərin episentrinə gətirmiş olur.
Vəziyyət o həddə çatıb ki, İsa Qəmbər qurultaydan narazı qalan müsavatçıları hakimiyyətə işləməkdə ittiham edib:"Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın".
Ad çəkməsə də, İsa Qəmbərin kimə sataşdığı hər kəsə bəlli olduğundan, ittiham olunan tərəfdən bu açıqlamaya münasibət öyrənilməsi zərurəti yaranıb.
Qubad İbadoğlu isə açıqlamasında qarşı tərəfə olduqca sərt cavab verdi:
"Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır. Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyətimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi, partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq".
Səxavət Əlisoyun reaksiyası isə bir qədər ironik tərzdə oldu. O, məsələ ilə bağlı sualımıza lətifə ilə cavab verdi:
"Qurultayda saxtakar Hacılıya səs vermiş bir ziyalı babasilinin kəskinləşməsi ucbatından həkim dostlarımızdan birinə müraciət edir. Həkim müayinədən sonra sual edir ki, qurultayda nədən saxtakara dəstək oldun. Ağrıdan qıvrılan ziyalı qayıdır ki, səhv etdiyimi sonra anladım...
Əminəm ki, saxtakara səs verənlərin əksəriyyəti bu gün partiyada baş verənləri gördükdən sonra xəyal qırıqlığına uğrayıb. Sadəcə, xətalarını etiraf etməkdə zorlanırlar. Etiraf üçün babasilə düçar olmağa əsla gərək yox. Bir az başla düşünmək yetərlidir".