Ukraynada davam edən müharibənin 12-ci günündə Rusiya qoşunlarının bir neçə istiqamətdən irəlilədiyi, Ukrayna Ordusunun isə daha əvvəl itirdiyi mövqelərdən az bir hissəsini geri qaytardığı barədə məlumatlar yayılır.
Hər iki tərəfin itkiləri artmaqda davam edir, daimi dislokasiya məntəqələrindən maksimum uzaqlaşan Rusiyanın təchizat problemləri isə getdikcə daha qabarıq görünür. Daxili və xarici təzyiqlər, xüsusən Ukraynanın yerli rus əhalisinin etirazları Kremli ən qısa müddətdə danışıqlar masasına oturmağa vadar edir. Ancaq Rusiya bütün vasitələrlə çalışır ki, Ukraynanın Qara dənizlə əlaqəsini kəssin və paytaxt Kiyevə nəzarət etsin.
Bu arada Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçi olması yenidən gündəmə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyət və iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Danışıq əsnasında Ərdoğan Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduğunu bildirib. Təcili ümumi atəşkəsin bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcəyini qeyd edən Ərdoğan “Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayıb. Türkiyə prezidenti atəşkəsin təmin olunması, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, indiki situasiyada Türkiyənin vasitəçiliyi nəticə verə bilərmi?
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Türkiyə hazırkı dövrdə tərəflər arasında vasitəçi olmaq üçün ən uyğun ölkədir: “Çünki Türkiyə hər iki tərəflə normal münasibətlərə malikdir. Eyni zamanda Türkiyə prezidenti həm Rusiya, həm də Ukrayna dövlət başçıları ilə təmasdadır. Üstəlik Volodimir Zelenski və Vladimir Putin Ankaranın vasitəçiliyi ilə danışıqların aparılmasına hazır görünür. Nəzərə almaq lazımdır ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun vasitəçilik cəhdi fiaskoya uğradı. Belə olan halda tərəflər arasında ən uyğun vasitəçi qismində Türkiyə çıxış edə bilər. Ancaq məsələ ondadır ki, Rusiya tez bir zamanda danışıqlarda maraqlı deyil. Rusiya istəyir ki, Ukraynanın strateji əhəmiyyətli bir sıra şəhərlərini alsın, Qara dənizə çıxışını bağlasın. Ondan sonra Putin Zelenski ilə danışqlar masasına oturmaqda maraqlıdır. Çünki Rusiya prezidenti bütün dünyanı qarşısına alıb. Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar qəbul olunub. Putin indiki məqamda dayansa, bu, onun əleyhinə işləyə bilər. Zatən, onun aqressiv siyasəti ölkəni fəlakətə aparır. Bu baxımdan düşünmürəm ki, Putin əsas hədəflərinə çatmadan danışıqlara getsin. Problem həm də ondadır ki, Rusiya daxilində müharibə əleyhinə olanların fəaliyyəti çox zəifdir. Fikrimcə, bununla bağlı ölkə daxilində güclü etirazlar baş versəydi, o zaman bəlkə də Putin geri addım ata bilərdi”.
O baxımdan partiya sədri Türkiyənin vasitəçilik səylərinin yaxın günlərdə səmərə verəcəyini real saymadı.
Vidadi ORDAHALLI