İslam Dövlətinin nəzarətində olan ərazilərə nadir giriş əldə etmiş alman yazıçı BBC-yə açıqlama verib. Juergen Todenhoefer deyib ki, bu qrup onun gözlədiyindən daha güclü, daha qəddar və qarşısının alınması daha çətin bir təşkilat imiş.
İraqda İD-in nəzarətindəki Mosul şəhərində 6 gün olan Juergen Todenhoefer ora Raqqa şəhərindən keçərək gedib. Cənab Todenhoefer deyib ki, o qrupu ruh yüksəkliyində və qəddarlığa geniş dəstək əhval-ruhiyyəsində görüb. Yazıçı deyib ki, döyüşçülərinin səpələnmiş vəziyyətdə olması İD-i hava zərbələri üçün çətin hədəf edir.
Keçmiş Almaniya siyasətçisi Juergen Todenhoefer indiyədək İD-in ərazisinə gedərək ordan qayıda bilmiş yeganə kənar şəxsdir. Əgər son aylarda bir neçə qərblinin başlarının kəsilməsini nəzərə alsaq, o, böyük risq altına girib.
Ötən iyunda İD tərəfindən ildırım sürətli hücumla zəbt olunmuş Mosulda Todenhoefer sərt İslam qaydalarının necə tətbiq edildiyinin şahidi olub. Küçələrdəki reklamlar adamlara namaz qılarkən tutmalı olduqları düzgün vəziyyəti izah edir və qadınların tamamilə hicablanmasına çağırır. Məsələn, adamlar "Qərbdən olan kafir kişi və qadınların” geyimini xatırladacaq heç nə geyinə bilməzlər. Ticarət reklamlarının üstü qaralanıb və kitab mağazalarının rəflərində təlimat kitabları və dini fətva cildləri düzülüb. Bunların arasında qullarla necə rəftar edilməli olduğunu göstərən təlimat kitabçaları da var.
O Mosulda "xilafət” naminə əllərində silah gəzdirən uşaqlar və Britaniya, ABŞ, İsveç və Trinidad və Tabaqo da daxil olmaqla bütün dünyadan səfərbər edilmiş cihadçılarla rastlaşıb.
Qorxunun hakimiyyəti
Cənab Todenhoefer deyir ki, onu cihadçıların canatımı, "dini təmizləmə” aparmaq və ərazilərini genişləndirmək ambisiyalarının miqyası heyrətə salıb. "Mən orada heç bir müharibə zonasında görmədiyim ruh yüksəkliyini görmüşəm” – deyib yazıçı, - "Onlar o qədər qətiyyətli, özlərinə o qədər inamlıdırlar ki… Bu ilin əvvəllərində çox az adamın İD barədə məlumatı vardı. Lakin indi onlar Böyük Britaniya boyda ərazini zəbt ediblər. Bu, bir faizlik canlı qüvvə ilə atom bombasının, tsunaminin gücünə malik hərəkatdır”.
Filmin operator çəkilişini aparan oğluna və ona salamatlıqları üçün təminat verilibmiş. Onun gətirdiyi material koalisiyanın hava hücumlarından əsla çəkinməyərək öz bürokratiyasını yaratmaqla məşğul olan bir qrupun fəaliyyətini əks etdirir.
"Məndə belə bir təsəvvür yaranmışdı ki, onlar İslam Dövlətinin necə işlədiyini nümayiş etdirməyə çalışırlar” – deyə vurğulayıb cənab Todenhoefer.
Onun dediyinə görə, burada ilk baxışdan həyat onun gözlədiyindən normal imiş. Lakin nəzərə alınmalıdır ki, şəhər İD yaraqlıları tərəfindən zəbt olunandan sonra onun bütün xristian və şiə müsəlman əhalisi buradan qaçıb.
İndi cihadçıların öz ədliyyə sistemləri var. Məhkəmə binalarının damlarından İD-in bayraqları asılıb. Onların öz polisi sərt islam qanunçuluğunu tətbiq edir. Bununla belə, yerli polis rəisi bildirib kİ, indi artıq zorakı cəzalara əl atmaq lazım gəlmir. Todenhoeferin fikrincə burada qorxu öz qüdrtəli rolunu oynayır.
"Çox bədbin"
Cənab Todenhoefer deyir ki, onu öz gözləri gördüklərindən daha çox narahat edən onu müşayiət edən yaraqlılardan eşitdiyi söhbətlərdir. O bildirir ki, döyüşçülərə Quranın əksər ayələrinin "Allah rəhmlidir…” sözləri ilə başlandığını tez-tez xatırladırmış. "Mən soruşurdum: "Hardadır o rəhm?” Onlardan bu suala doğru-dürüst cavab ala bilmirdim” - deyir.
Cənab Todenhoeferin təxminlərinə görə, hazırda şəhəri bir neçə min döyüşçü saxlayır. Lakin şəhər boyunca səpələnməklə, onlar özlərini çətin hədəfə çeviriblər. Onlar koalisiyanın hava zərbələrinə tuş gəlməmək üçün artıq maşın karvanlıarı ilə hərəkət etmirlər.
Yazıçı düşünür ki, İD İraqda nəzarəti altında olan torpaqlarda, Suriyada olduğundan daha güclüdür. Məsələn, onların qondarma dövlətinin paytaxtı sayılan Raqqa şəhərində hökumət işçilərinin maaşlarını hələ də prezident Bəşər əl-Əsəd ödəyir.
Sağ-salamat Münhenə qayıtmış Todenhoefer bizə belə deyir: "Mən bütün həyatım boyu onlardan daha qəddar və daha qorxulu düşmən görməmişəm”.
"Mən onların qarşısını kiminsə saxlaya biləcəyini görmürəm – deyir yazıçı, - İD-i yalnız ərəblər dayandıra bilərlər. Mən oradan çox bədbin qayıtmışam”.
Əraziyə daxil olmaq üçün alman cihadçı tərəfindən aylarla aparılmış danışıqlar nəticəsində əldə edilmiş icazəsinin olmasına baxmayaraq cənab Todenhoeferin sağ-salamat qayıtmaq üçün bəxti gətirib. Onun icazəsinin birbaşa "xəlifənin ofisindən” verilməsi bir neçə halda doğrudan da karına gəlib. "Mən bəzən narahat olurdum ki, onlar fikirlərini dəyişə bilərlər” – deyir o.
"Axırda onların fikirlərini dəyişib məni və oğlumu girov götürmək qərarına, əlbəttə ki, gələ biləcəklərini düşünüb sərhəd üzərindən Türkiyəyə qaçmağı qət etdim”.
"Mən əlimizdə olan çantalarımız və başqa əşyalarımızla 1000 metrədək qaçmalı idim” – deyib Todenhoefer, - Bura çatanda inanılmaz bir xoşbəxtlik duydum. Orada olarkən çiyinlərimdə sanki minlərlə ton yük vardı. Ailəmə zəng etdim və yalnız bu anda anladım ki, o qədər də asan olmayan bir işi görə bilmişəm”. – deyir yazıçı.