Fevralın 27-də minlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyət nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədilə mitinq keçirib.
İctimai fəallar tərəfindən təşkil edilən mitinqdə “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin rədd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı, Azərbaycan xalqı sizinlədir!”, “Putin çıx get!”, “Putinsiz Rusiya!”, “Bu, Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” və bu kimi başqa şüarlar səsləndirilib.
Təbiidir ki, bizdə Rusiyanın mövqeyini dəstəkləyən qüvvələr, vətəndaşlar da var. Onlar niyə Rusiya səfirliyinin önündə analoji mahiyyətli dəstək aksiyası keçirmir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan xalqı Ukraynanın yanındadır: “ Çünki həmin ölkə bu müharibədə haqlı tərəfdi. Çünki öz ərazi bütövlüyünü, suverenliyini müdafiə edir. Buna görə də elə möhtəşəm aksiya oldu. Təbiidir ki, Ukrayna səfirliyinin önündə belə dəstək aksiyaları yenə olacaq. Azərbaycan xalqı hər zaman Ukraynaya dəstəyini göstərəcək. Azərbaycanda Rusiyanın indiki mövqeyini dəstəkləyən varmı? Bilmirəm! Ədalətsizliyi, zorakılığı, beynəlxalq hüququ ayaqlar altına atmağı necə dəstəkləmək olar? Ola bilər ki, kimlərsə müxtəlif arqumentlər irəli sürərək Rusiyanın dəstəyinə qalxsın. Ancaq güman etmirəm ki, ədalət hissi olan adam indiki əməllərinə görə Rusiyaya dəstək versin. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Həmin ölkəyə təzyiqlər günü-gündən artır. Rusiya tarixinin ən fəlakətli günlərini yaşayır. “Bu böhran necə yekunlaşacaq” sualına cavabı Putinin hakimiyyətdə qalıb-qalmayacağı verəcək. Putin çox təhlükəli macəraya başlayıb. Artıq dünya nizamı dəyişib. 21 fevrala qədərki dünya var və ondan sonrakı. Bu yeni nizamda Rusiya tam təklənmiş vəziyyətdədir. Onun bu situasiyadan uduşla çıxmaq cəhdi alınmayacaq. Biz sona qədər Ukraynaya dəstəyimizi ifadə edəcəyik. Rusiya səfirliyinin qarşısında hansı üzlə dəstək aksiyası keçirilə bilər? Rusiyanı istəyənlər də yaxşı bilir ki, ədalətsizliyə verilən dəstək cəmiyyətdə ciddi qıcıq yarada bilər”.
Məhəmmədəli QƏRİBLİ