Moskvanın iddialarına görə 17 avqustda Ukrayna hava sahəsində vurulan Malayziya hava yollarına aid sərnişin təyyarəsi Ukrayna tərəfindən vurulub və bunu təsdiqləyən faktlar da var. Baki-xeber.com «Komsomolskaya Pravda» qəzetinə istinadən xəbər verir ki, Rusiya Malayziya sərnişin təyyarəsinin ukraynalı pilot-kapitan Vladislav Voloşin tərəfindən vurulduğunu iddia edən bir şahid ortaya çıxarıb.
Ukraynadan qaçaraq Rusiyaya sığındığı üçün adının gizli saxlandığı deyilən bu şəxs, faciəli hadisənin baş verdiyi gün - 17 avqustda Ukraynanın Dnepropetrovsk şəhəri yaxınlığındakı hərbi hava bazasında olub.
Şahid gizli ifadəsində bildirir: "Dnepropetrovsk hərbi hava bazasında çox sayda döyüş təyyarəsi var idi. Təyyarələrin çoxu havadan quruya atılan bombalara sahib idi. Ancaq yalnız iki SU-25 tipli təyyarədə havadan havaya atılan raketlər vardı. Malayziya sərnişin təyyarəsinin vurulduğu gün SU-25 döyüş təyyarələrindən biri kapitan Vladislav Voloşinin rəhbərliyi ilə havaya qaldırıldı. Ancaq bazaya geri döndüyü zaman həmin raket təyyarənin üzərində yox idi. Kapitan Voloşinin təyyarədən enər-enməz «O başqa bir təyyarə idi» dediyini eşitdik. Daha sonra zabitlərlə də danışıqlarında təyyarəyə nə olduğu barədə suallara savab verən Voloşinin «Bu təyyarə yanlış vaxtda yanlış yerdə idi» deyə cavab verdiyini eşitdik".
«İnterfaks» xəbər agentliyinə açıqlama verən Rusiya İstintaq Komissiyasının sözçüsü Vladimir Markin də əllərində sözügedən dəlillərin olduğunu təsdiqləyib: "Prokurorlar istintaqı gecikdirmədən ukraynalı əsgərlə görüşdü. Əsgər könüllü olaraq kazarmanı tərk edərək Rusiyaya keçdiyini deyir. Şahidin ifadələrinə görə «Boeing-777» tipli mülki təyyarəni Ukrayna Hava Qüvvələrinə aid Su-25 döyüş təyyarəsi vurmuş ola bilər. Təyyarənin pilotu Ukrayna Hava Qüvvələrinin kapitanı Voloşin olub. Təhlükəsizlik səbəbilə şahidə şərti ad qoyulub".
Şahidin dəlil və məlumatlarının doğru olduğuna inandıqlarını vurğulayan Markin, bunların yalan maşınında araşdırmalarda da təsdiqləndiyini deyib. Rusiya İstintaq Komissiyası sözçüsünün dediyinə görə, təhlükəsizliyini qorumaq üçün şahid dövlət tərəfindən mühafizəçi ilə təmin edilib.
Rusiya avqustun 20-dən bu yana tez-tez 298 günahsız insanın həyatını itirməsinə səbəb olan Malayziya hava yollarına aid sərnişin təyyarəsinin Ukrayna döyüş təyyarəsindən atılan raketlə vurulduğu iddiasını gündəmə gətirir.